Qara dənizdə Rusiya nefti daşıyan Yunanıstan tankerinə hücum edilib
Yunanıstan bayrağı altında üzən “Skiros” neft tankeri Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) Novorossiysk yaxınlığındakı terminalında Rusiya xam nefti yüklədikdən sonra Qara dənizdə hücuma məruz qalıb.
“Seanews.az” “Bloomberg”ə istinadla bu barədə xəbər verir.
“Bloomberg”in mənbələrinə görə, “Skiros”a hücum 16 avqustda terminalın yaxınlığında olub. “Suezmax” tipli tanker CPC terminalında yüklənib. Terminal əsasən Qazaxıstan neftinin ixracına xidmət etsə də, bu dəfəki yükün Rusiya mənşəli olduğu bildirilir.
Afinada yerləşən və “Equasis” sistemində “Skiros”un meneceri kimi göstərilən şirkət hadisə nəticəsində xəsarət alan olmadığını və dənizə neft sızmasının baş vermədiyini açıqlayıb.
Hadisə ötən ay tankerlərə hücumlar nəticəsində CPC yüklərinin daşınmasında fasilələr yaranmasından sonra baş verib. ABŞ vasitəçiliyi ilə əldə olunan razılaşmaya əsasən, Ukrayna CPC infrastrukturuna və terminala gedən, Rusiya nefti daşımayan xarici gəmilərə hücum etməməyə razılaşmışdı. Bunun üçün gəmilərin Ukrayna sanksiyalarına məruz qalmaması və Rusiya mənşəli yük daşımaması şərt qoyulmuşdu.


