İki yapon gəmiçilik şirkəti "JERA" ilə ammonyak daşıyıcıları üzrə çarter razılaşmaları imzalayıb
Yaponiyanın gəmiçilik qrupu "Mitsui O.S.K. Lines" (MOL) enerji istehsalı şirkəti "JERA" ilə ammonyak daşınması üçün nəzərdə tutulmuş iki çox iri qazdaşıyan gəmini (VLGC) əhatə edən taym-çarter müqavilələri üzrə iki ilkin razılaşma imzalayıb.
"Seanews.az" xəbər verir ki, razılaşmaya əsasən, gəmilər ABŞ-nin Luiziana ştatında yerləşən və "JERA"-nın investisiya qoyduğu "Blue Point" kompleksində istehsal olunan aşağı karbonlu ammonyakı "JERA"-nın Hekinan İstilik Elektrik Stansiyasına daşıyacaq.
Bununla yanaşı, Yaponiyanın "NYK Group"-na daxil olan və Sinqapurda yerləşən "NYK Bulkship (Asia) Pte. Ltd." də "JERA" ilə iki ammonyak daşıyıcı gəmi üzrə taym-çarter müqavilələrini əhatə edən iki ilkin razılaşma imzalayıb.
Bu razılaşmalar çərçivəsində tərəflər "Blue Point" layihəsində istehsal olunan aşağı karbonlu ammonyakın Hekinan İstilik Elektrik Stansiyasına daşınması planlarını irəli aparacaqlar.
Bu təşəbbüsün Yaponiyaya yanacaq ammonyakının ilk kommersiya daşınması kimi tarixə düşəcəyi gözlənilir.

