Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-11-10,
Seanews
Heyder Eliyev

IMO dənizçilərin təhlükəsizliyinin gücləndirilməsinə çağırış edib 

Beynəlxalq Dəniz Təşkilatı (IMO) Yaxın Şərq, Qırmızı dəniz və Qara dənizdə ticarət gəmilərinə qarşı davam edən hücumlar fonunda dənizçilərin təhlükəsizliyinin gücləndirilməsinə çağırıb.

“Seanews.az” xəbər verir ki, bu məsələ IMO-nun Londonda keçirilən 138-ci Şurasının sessiyasında gündəmə gətirilib. Bildirilib ki, Yaxın Şərqdə münaqişə başlayandan bəri ticarət gəmilərinə qarşı azı 130 insident təsdiqlənib, nəticədə 25 dənizçi həyatını itirib. Son ölüm hadisəsi ötən həftə hücuma məruz qalan “Velos Sapphire” tankerində qeydə alınıb. Fars körfəzini tərk edə bilməyən gəmilərin heyətləri də daxil olmaqla, minlərlə dənizçi təhlükə altında qalmaqda davam edir.

IMO-nun baş katibi Arsenio Dominquz dənizçilərin münaqişələr nəticəsində həlak olduğunu, yaralandığını, gəmilərdə köməksiz vəziyyətdə qaldığını, repatriasiyadan məhrum edildiyini, eləcə də su, qida və tibbi yardım kimi əsas ehtiyaclarını qarşılaya bilmədiklərini bildirib.

Şura Qırmızı dəniz və Bab əl-Məndəb boğazında husilərin, Ukraynanın Qara dənizdəki gəmiçilik dəhlizində isə Rusiyanın ticarət gəmilərinə və liman infrastrukturuna hücumlarını pisləyib. Həmçinin 2026-cı ilin əvvəlindən Qərbi Hind okeanı və Ədən körfəzində dəniz quldurluğu və silahlı basqınlarla bağlı 17 cəhd və insident qeydə alındığı diqqətə çatdırılıb.

IMO Şurası üzv dövlətləri ticarət gəmiçiliyinin təhlükəsizliyini qorumağa və dənizçilərin həyatını riskə atan qanunsuz hərəkətlərdən çəkinməyə çağırıb. Baş katibə isə qeyd olunan bölgələrdəki vəziyyəti izləmək və dənizçilərin müdafiəsi üçün əlavə tədbirləri nəzərdən keçirmək tapşırılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır