ADDA-da Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər zəka və qürur mənbəyimizdir” mövzusunda Akademiyanın professor-müəllim heyəti, tələbələr, həmçinin müharibə iştirakçısı və qazi tələbələrinin iştirakı ilə tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə ölkəmizin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş bütün şəhidlərimizin müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Humanitar fənlər kafedrasının müdiri, dosent İlqar Abdullayev Zəfər Gününün tarixi mahiyyətindən, xalqımızın əldə etdiyi misilsiz Qələbənin əhəmiyyətindən danışıb.
Daha sonra Tədris prosesinin təşkili şöbəsinin müdiri, dosent Əsədullah Süleymanov müəllim və tələbələri təbrik edərək Zəfər salnaməmizi yaşadan bu cür tədbirlərin gənclərdə milli qürur və vətənpərvərlik ruhunun daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.
Tədbirdə Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçısı, müharibə veteranı, hüquq elmləri doktoru, professor, polkovnik Nəsir Hüseynov döyüş yolundan və Azərbaycan əsgərinin şücaətindən bəhs edib. O, gənclərə vətənpərvərlik çağırışları edərək ordumuzun qüdrətindən söz açıb.
Toplantıda dosent İlqar Abdullayev “Zəfər Gününün tarixi və mənəvi əhəmiyyəti” mövzusunda ətraflı məruzə ilə çıxış edib.
“Gəmi elektroavtomatikası” kafedrasının müəllimi, Vətən müharibəsi iştirakçısı Ruslan Əlicanov, “Dəniz naviqasiyası mühəndisliyi” ixtisası üzrə V kurs tələbəsi, Vətən müharibəsi qazisi Cavid Məhərrəmli və həmin ixtisasın IV kurs tələbəsi, Vətən müharibəsi iştirakçısı Müşviq Qəhrəmanov çıxış edərək xatirələrini bölüşüb, qələbənin qürurunu yaşadıqlarını bildiriblər.
“Gəmi sürücülüyü” fakültəsinin dekanı, dosent Elnur Abbasov çıxışında tarixi Qələbənin Azərbaycan gəncliyinin mənəvi formalaşmasındakı rolundan söhbət açıb. O, qazilərimizin və müharibə iştirakçısı olan gənclərin Akademiyada təhsil almasının bütün tələbələr üçün böyük fəxr və örnək olduğunu vurğulayıb.
Tədbirin gedişində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının, o cümlədən Akademiyanın şəhid məzunlarının əziz xatirəsinə həsr olunmuş qısa videoçarx nümayiş etdirilib, bədii hissədə “Dəniz naviqasiyası mühəndisliyi” ixtisası üzrə təhsil alan Mustafa Məhərrəmov tərəfindən Zəfər Gününə, şəhidlərin əziz xatirəsinə və Vətənə həsr olunmuş müəllif şeiri səsləndirilib.
Sonda Akademiyanın Tələbə Gənclər Təşkilatı (TGT) tərəfindən Vətən müharibəsi iştirakçıları və qazilərə dərin ehtiram əlaməti olaraq xüsusi hədiyyələr təqdim edilib.

