Panama kanalında gündəlik gəmi keçidi sayı 34-ə çatdırılıb
Panama kanalı gündəlik gəmi keçidi imkanlarını 34-ə çatdırıb. Bu barədə Panama Kanalı Administrasiyasının (ACP) gəmiçiliklə bağlı bildirişində məlumat verilib.
“Seanews.az” xəbər verir ki, dəyişikliyə əsasən, “Panamax” şlüzlərində “Super” kateqoriyalı gəmilər üçün əlavə rezervasiya yeri ayrılıb və gündəlik keçid sayı 18-dən 19-a yüksəldilib. Bununla “Panamax” şlüzlərində gündəlik keçid yerlərinin sayı 24-ə, “Neo-Panamax” şlüzlərində isə 10-a çatıb.
Bundan başqa, “Neo-Panamax” şlüzlərində gəmilər üçün icazə verilən maksimal suyaoturma dərinliyi 15,24 metr (50 fut) müəyyən edilib. Bu göstərici növbəti bildirişədək qüvvədə qalacaq.
Administrasiya bu dəyişiklikləri göl səviyyəsinin yaxşılaşması və əlverişli hidroloji proqnozlarla əlaqələndirib. Bildirilib ki, əlavə keçid yeri müntəzəm rezervasiya sistemi vasitəsilə təqdim olunacaq.
Panama Kanalı Administrasiyası qeyd edib ki, gəminin keçid tarixini yalnız əvvəlcədən rezervasiya təsdiqləyir. Rezervasiyası olmayan gəmilər isə ciddi gecikmələrlə üzləşə bilər.

