Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

Azərbaycan neft bazarının 2022-ci ilədək tənzimlənməsi prosesinə qoşulub

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin videokonfrans formatında keçirilən 9-cu iclasında 11 saata yaxın davam edən müzakirələrin yekununda yeni “Əməkdaşlıq Bəyannaməsi” Meksikanın təklif olunan həcmlərlə razılaşacağı şərti ilə qəbul edilib. Yeni Əməkdaşlıq Bəyannaməsi gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən üç mərhələ ilə azaldılmasını nəzərdə tutur. Lakin Meksika Əməkdaşlıq Bəyannaməsinə uyğun olaraq bu mərhələlər üzrə müvafiq olaraq 400-320-240 min barel həcmlərində müəyyənləşdirilmiş kvotalarla razılaşmayıb. Meksika istisna olmaqla, digər “OPEC+” ölkələri gündəlik neft hasilatının müxtəlif müddətlər və həcmlərdə azalması ilə bağlı razılıq əldə ediblər.

Energetika Nazirliyindən  bildiriblər ki, “Əməkdaşlıq Bəyannaməsi” qüvvəyə minəcəyi təqdirdə, “OPEC+” ölkələri may-iyun aylarında gündəlik hasilatı 2018-ci ilin oktyabr ayı səviyyəsindən 23 faiz olmaqla 10 milyon barel həcmində azaldacaqlar. Bu mərhələdə hasilat öhdəlikləri OPEC ölkələri üçün sutkada 6,085 milyon barel, qeyri-OPEC ölkələri üçün isə 3,915 milyon barel müəyyən edilib.

Qeyd edək ki, OPEC və qeyri-OPEC ölkələrinin hasilatın məhdudlaşdırılması kvotalarına yalnız xam neft həcmləri daxildir. Budəfəki öhdəliklərdə kondensat həcmləri nəzərə alınmayıb.

Dünya neft bazarında balansın yaradılması və neftin qiymətinin sabitləşdirilməsi məqsədilə Azərbaycan da üzərinə yeni öhdəliklər götürüb. 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan yeni razılaşma çərçivəsində hasilatı həmin səviyyədən 164 min barel azaltmalı olacaq. Bu müddət ərzində Azərbaycan gündəlik xam neft hasilatını 554 min barel həcmində saxlamalıdır.

2020-ci ilin iyul-dekabr aylarında isə “OPEC+” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 18 faiz olmaqla 8 milyon barel azaldılması razılaşdırılıb. Bu zaman kvotalar OPEC üzrə gündəlik 4,868 milyon, qeyri-OPEC üzrə isə 3,132 milyon barel müəyyənləşdirilib. Azərbaycan bu dövrdə gündəlik istehsalını 131 min barel azaltmaqla 587 min barel səviyyəsində saxlamalı olacaq.

Əməkdaşlıq Bəyannaməsində 2021-ci ilin yanvar ayından 2022-ci ilin aprelinədək isə “OPEC+” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 14 faiz olmaqla 6 milyon barel azaldılması öz əksini tapıb. Bu müddətdə hasilat öhdəlikləri OPEC üçün 3,651 milyon barel, qeyri-OPEC üzrə 2,349 milyon barel nəzərdə tutulub. Azərbaycan isə həmin dövrdə 98 min barel azalma ilə hasilatı 620 min barel həcmində saxlamaq öhdəliyini götürməli olacaq.

Videokonfransa “OPEC+” ölkələri ilə yanaşı ilk dəfə olaraq Kanada, Norveç, Argentina, Braziliya, Kolumbiya, İndoneziya, Misir, Çad, Trinidad və Tobaqo kimi ölkələr də qatılıb. İclasda “OPEC+” formatından kənar neft ölkələrinə də bu prosesə qoşulmaq çağırışı edilib.

İclasda çıxış edən Energetika naziri Pərviz Şahbazov deyib: “Bu, bir həqiqətdir ki, mövcud qlobal problemin öhdəsindən ayrılıqda deyil, qlobal əməkdaşlıq şəraitində gələ bilərik. Mart ayından indiyədək qısa müddətdə bir daha əmin olduq ki, neft bazarında davamlı sabitlik qlobal səviyyədə ortaq məsuliyyət, tənzimləmə prosesi xaricində mümkün deyil. Hazırkı vəziyyət və dünya iqtisadiyyatı, eləcə də neftə qlobal tələbatın özünü bərpa edəcəyi ilə bağlı qeyri-müəyyənlik neft bazarına gələcəkdə də dəstəyi zəruri edir. Bu prosesə “OPEC+”dan kənar ölkələrin cəlbi isə olduqca vacibdir”.

Nazir onu da əlavə edib ki, hər bir neft ölkəsi neft bazarının sabitləşdirilməsi məqsədi ətrafında həmrəylik nümayiş etdirməlidir. “OPEC+” formatı çərçivəsində tənzimləmə prosesində fəal rol oynayan Azərbaycan yeni öhdəliklər götürməklə qlobal neft bazarına dəstək vermiş oldu.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır