Somali Beynəlxalq Gəmi Reyestrini istifadəyə verdi: 30 ildən sonra ilk gəmi qeydiyyata alındı
Somali Federativ Respublikası rəsmən Beynəlxalq Gəmi Reyestrini (SIR) işə saldığını elan edib. Bu addım ölkədə vətəndaş müharibəsinin başladığı dövrdən bəri dayanan dənizçilik ənənələrinin bərpası və Somali bayrağı altında gəmilərin dünya sularına qayıtması baxımından tarixi əhəmiyyət kəsb edir.
“Seanews.az” xəbər verir ki, reyestrin açılışı ilə eyni vaxtda 30 illik fasilədən sonra Somali bayrağı altında üzəcək ilk rəsmi gəmi qeydiyyatdan keçib.
Yeni reyestr Beynəlxalq Dəniz Təşkilatının (IMO) standartlarına tam uyğun fəaliyyət göstərəcək və gəmi sahiblərinə rəqabətədavamlı qeydiyyat şərtləri təklif edəcək.
Somali hökuməti bu layihə vasitəsilə ölkənin dəniz iqtisadiyyatını ("mavi iqtisadiyyat") canlandırmağı, dövlət büdcəsinə gəlirləri artırmağı və yerli dənizçilər üçün yeni iş yerləri yaratmağı planlaşdırır.
Somali Afrikanın ən uzun sahil xəttinə malik ölkəsidir. Beynəlxalq reyestrin qurulması ölkəyə öz dəniz resursları üzərində suverenliyini bərpa etməyə və qlobal ticarət daşımalarında "bayraq dövləti" (flag state) kimi yenidən iştirak etməyə imkan verəcək.



