Sinqapurda ilk dəfə etanol yanacağının gəmiyə doldurulması sınağı keçirilib
Sinqapurda dəniz nəqliyyatında karbon emissiyalarının azaldılması məqsədilə ilk dəfə etanol yanacağının gəmiyə doldurulması sınağı həyata keçirilib.
“Seanews.az” xəbər verir ki, əməliyyat “Maersk”, “Golden Island” və “PSA Singapore” şirkətlərinin iştirakı, Sinqapur Dəniz və Liman Administrasiyasının (MPA) dəstəyi ilə reallaşıb.
Sinqapur bayrağı altında üzən, ikili yanacaq sistemi ilə təchiz edilmiş “Maersk Halifax” konteyner gəmisinə “Golden Centaurus” tankerindən 5 000 ton ISCC sertifikatlı bioetanol verilib. Yanacaq doldurma əməliyyatı limanda konteynerlərin yüklənməsi və boşaldılması ilə eyni vaxtda aparılıb.
MPA-nın rəhbəri Anq Vi Kionq bildirib ki, sınaq Sinqapurun metanol yanacağının doldurulması sahəsində mövcud təcrübə və infrastrukturundan etanol üçün də istifadə imkanlarını qiymətləndirməyə şərait yaradacaq. Əldə olunan məlumatlar etanolun təhlükəsiz və səmərəli doldurulması üzrə standart və prosedurların hazırlanmasına kömək edəcək.
“Maersk” şirkətinin nümayəndəsi Emma Mazhari isə dəniz nəqliyyatının karbonsuzlaşdırılması üçün müxtəlif alternativ yanacaq növlərinin araşdırılmasının vacibliyini vurğulayıb. Şirkət bundan əvvəl “Laura Maersk”, “Antonia Maersk” və “Tangier Maersk” gəmilərində də etanol yanacağı ilə bağlı sınaqlar keçirib.


