Alyaskaya ekoloji yanacaqla kruiz səfərləri 1,4 milyard dollara başa gələ bilər
ABŞ-nin Sietl şəhəri və Kanadanın Britaniya Kolumbiyası əyaləti üzərindən Alyaskaya təşkil olunan kruiz səfərlərində yaşıl metanoldan istifadə 25 il ərzində 1,4 milyard dollarlıq əlavə maliyyə vəsaiti tələb edə bilər.
“Seanews.az” xəbər verir ki, “Maersk Mc-Kinney Moller” Sıfır Karbonlu Gəmiçilik Mərkəzinin araşdırmasına əsasən, layihənin iqtisadi cəhətdən səmərəli olması üçün sərnişinlər hər kruiz səfərinə görə əlavə 360–480 dollar ödəməli ola bilərlər. Beynəlxalq Dəniz Təşkilatının (IMO) təklif olunan sıfır emissiya çərçivəsi qəbul edilərsə və daha əlverişli maliyyələşdirmə təmin olunarsa, əlavə xərcin 185–280 dollara qədər azalma ehtimalı var.
Layihə çərçivəsində mövsüm ərzində dörd kruiz gəmisinin 20 dəfə gediş-gəliş səfəri etməsi nəzərdə tutulur. Bunun üçün ildə 120 min ton yaşıl metanol tələb olunacaq. Beləliklə, təxminən 320 min sərnişinin daha az emissiyalı kruiz səfərlərində iştirakı və hər mövsüm 224 min ton karbon qazı ekvivalentində emissiyanın qarşısının alınması mümkün olacaq.
Bununla belə, regionda yaşıl metanolun istehsalı, təchizatı və yanacaq doldurma infrastrukturu ilə bağlı çətinliklər layihənin həyata keçirilməsini mürəkkəbləşdirir.


