Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

-ın Yunanıstan və Albaniya marşrutunun 85 faizində torpaq örtüyü bərpa ed

Azərbaycan təbii qazını Avropaya çatdıracaq “Trans-Adriatik” (TAP) boru kəmərinin inşası çərçivəsində Yunanıstan və Albaniya marşrutunun 85 faizdən çoxunda torpaq örtüyü tamamilə əvvəlki vəziyyətinə gətirilib. Bu barədə boru kəmərinin operatoru olan TAP AG şirkəti məlumat yayıb. Bildirilir ki, boru kəmərinin 765 kilometrlik Yunanıstan və Albaniya hissəsinin 650 kilometrində torpaq örtüyü tamamilə bərpa olunub. Qeyd edək ki, TAP layihəsi üzrə işlərin – mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla təxminən 82 faizi icra olunub. Ötən ay Albaniyada TAP-ın 105 kilometrlik dəniz hissəsi üzrə mikrotunel üçün qazma işləri və boruların qaynağı üçün hazırlıqlara başlanıb. Boru kəmərinin bu hissəsinin inşası TAP-ın qrafikinə əsasən 2019-cu ildə həyata keçiriləcək. 36 düymlük xəttin inşasında təxminən 9 min boru istifadə olunacaq. TAP-ın ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə biri Kipoidə (Yunanıstan), digəri isə Fierdə (Albaniya) olmaqla ümumilikdə 2 kompressor stansiyasının inşası üzrə işlər qrafikə uyğun davam edir. Kipoidəki kompressor stansiyasında ümumi tikinti işlərinin 60 faizdən çoxu yekunlaşıb. Fierdəki kompressor stansiyasının tikintisinin 50 faizdən çoxu tamamlanıb. Kompressor stansiyaları ilə yanaşı, Albaniyanın şərqində, Bilisht regionunun yaxınlığında ölçmə stansiyasının tikintisi də aparılır. Ölçmə stansiyasında tikinti işlərinə ötən ilin birinci rübündə başlanılıb və stansiyanın inşasının 50 faizi tamamlanıb. Kompressor və ölçmə stansiyalarının tikintisi təxminən iki il müddətində başa çatdırılacaq. Layihə üzrə kapital xərcləri 4,5 milyard avrodur və bu vaxtadək 3,2 milyard avro sərf olunub. Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən – Yunanıstan, Albaniya və İtaliyadan keçir. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdıracaq. Boru kəmərinin uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçir. Avropaya ilk qazın verilməsi 2020-ci ilə planlaşdırılır. TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Boru kəməri buradan Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. TAP burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır