Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

BP Xəzərin Azərbaycan sektorunda qazma işlərinə hazırlaşır

Xəzərin Azərbaycan sektorunda yerləşən "Şəfəq-Asiman" blokunda ilk SAX01 kəşfiyyat quyusunun qazılmasına bu ildən gec olmayaraq start veriləcək.

Bunu BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

Onun sözlərinə görə, "Şəfəq-Asiman" blokunda kəşfiyyat qazma işlərinə bu ilin dekabrında başlanacağı planlaşdırılır.

Qeyd edək ki, sözügedən perspektiv blokunda kəşfiyyat quyusunun qazılması "Heydər Əliyev" qazma qurğusundan aparılacaq. Hazırda qurğu kəşfiyyat quyusunun qazılması işləri çərçivəsində "Abşeron" yatağındadır və bu yaxınlarda layihə ərazisini tərk edəcək.

B. Aslanbəylinin sözlərinə görə, qazma qurğusu BP tərəfindən qəbul edildikdən sonra "Şəfəq-Asiman"da işləmək üçün hazırlanacaq.

"Onu alandan sonra bizim hələ qurğuda biraylıq işimiz olacaq (qurğunun qazma işlərinə hazırlanması nəzərdə tutulur – red.)", - deyə BP-nin rəsmisi bildirib.

Qeyd edək ki, "Şəfəq-Asiman"da qazma işləri 12 ay ərzində həyata keçiriləcək. Bu perspektiv blokda ilk SAX01 kəşfiyyat quyusunun qazılması işlərinin (o cümlədən quyunun sınaq fəaliyyətləri – red.) ümumilikdə 604 günədək davam edəcəyi gözlənilir.

ƏMSSTQ sənədinə əsasən, qazıldıqdan sonra quyunun konservasiya ediləcəyi və 1-3 illik fasilədən sonra (quyu sınağı üçün qazma qurğusunun mövcudluğundan asılı olaraq – red.) quyuda sınaq işlərinin aparılması gözlənilir.

Ümumi layihə çərçivəsində fəaliyyətlər iki mərhələdə həyata keçiriləcək. Birinci mərhələyə quyunun qazılması və konservasiyası işləri daxildir (qazma işləri 2020-ci ilin üçüncü rübündə, konservasiya – 2020-ci ilin dördüncü rübündə başa çatacaq – red.). İkinci mərhələdəki işlərə quyunun sınağı və quyunun ləğvi daxildir.

Qeyd edək ki, SAX01 quyusunun qazılmasında əsas məqsəd Kontrakt sahəsinin gələcəkdə potensial işlənməsinə başlamazdan əvvəl Qırmakuüstü Qumlu, Fasilə və Balaxanı lay dəstələrindəki qaz ehtiyatını qiymətləndirməkdir.

Nəzərdə tutulan layihə çərçivəsindəki kəşfiyyat quyusunun “Heydər Əliyev” Səyyar Dəniz Qazma Qurğusundan (SDQQ) istifadə olunmaqla qazılacaq.

“Şəfəq-Asiman” kontrakt sahəsi Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan cənub-şərq istiqamətində təxminən 125 km məsafədə uzanır. Sahəsində suyun dərinliyi təxminən 600-800 metr təşkil edir və bu yataqda karbohidrogen ehtiyatları dəniz səviyyəsindən aşağıda təxminən 6-7 min metr dərinliklərdə yerləşir.

Quyunun qazılması layihəsinə avadanlığın hazırlanması, quyu lüləsində konduktor, üst və aşağı intervalların qazılması, quyuağzı avadanlığın quraşdırılması və qoruyucu kəmərlərin sementlənməsi, quyunun konservasiya edilməsi və quyunun müvəqqəti ləğvi, quyuya təkrar giriş və quyuda sınaq işləri və quyunun tamponajı və ləğvi daxildir.

Qeyd edək ki, 1995-ci və 1999-cu illərdə "Şəfəq-Asiman"da 2-ölçülü (2D) seysmik tədqiqat və onun ardınca isə 2012-ci ildə 3-ölçülü (3D) seysmik tədqiqat həyata keçirilib. Kəşfiyyat quyusunun dəqiq qazılma yeri ilə bağlı qərarın verilməsində seysmik tədqiqatın və sonrakı geoloji təhlükələr və batimetriya üzrə tədqiqatın nəticələrindən istifadə edilib.

Xatırladaq ki, "Şəfəq-Asiman" bloku üzrə müqavilə 2010-cu ilin oktyabrında imzalanıb. BP (operator) və SOCAR arasında imzalanan bu müqavilə 30 ili əhatə edir. Müqavilədə şirkətlərin hər birinin payı 50%-dir.

"APA-Economics"


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır