

Bu il Qazaxıstan Xəzər dənizində neft nəqlini 1,8% artırıb
Qazaxıstanın Milli Dəniz Gəmiçiliyi Şirkəti – “Kazmortransflot” 2020-ci ilin yanvar-sentyabr aylarında 7,2 milyon ton neft nəql edib.
Şirkətdən verilən məlumata görə, 2020-ci ilin ilk doqquz ayında həm Xəzər dənizində, həm də açıq dənizlərdə neft nəqlinin ümumi həcmi 2019-cu ilin eyni dövründəki 8 milyon 372 min tona qarşı 7 milyon 210 min ton təşkil edib. Beləliklə, bu ilin yanvar-sentyabr aylarında neft nəqli 14% azalıb.
Hesabat dövründə Qara dəniz və Aralıq dənizi üzərindən neft nəqlinin həcmi 15% azalaraq 6 milyon 701 min tona, Xəzər dənizində isə 1,8% artaraq 509 min tona çatıb.
Şirkət hesabat dövründə həmçinin Aktau – Ələt – Aktau marşrutu boyunca 9 min 811 konteyner daşıyıb. Bu marşrut boyunca yük daşımaları 2019-cu ilin aprelində başlayıb.
Xatırladaq ki, 2019-cu il ərzində “Kazmortransflot” 10 milyon 728 min ton neft nəql etmişdi və 2018-ci illə müqayisədə artım 1,5 dəfə təşkil etmişdi.
“Kazmortransflot”-un yeganə səhmdarı Milli Neft və Qaz Şirkət “KazMunayGas” səhmdar cəmiyyətidir.