Tarixi “Providence” yelkənli gəmisi muzey kimi fəaliyyətini davam etdirə bilər
ABŞ Dənizçilik Fondu (USMF) XVIII əsrə aid gəminin replikası olan “Providence” yelkənli gəmisini əldə edərək onu Virciniya ştatının Aleksandriya şəhərində muzey, təhsil və turizm məkanına çevirməyi planlaşdırır.
“Seanews.az” xəbər verir ki, gəminin əvvəlki sahibi olan “Tall Ship Providence Foundation” maliyyə çətinlikləri səbəbindən bu ilin iyununda təhsil proqramlarını və ekskursiyaları dayandırıb. Yeni yaradılmış USMF gəmini və onun dayandığı körpünü əldə etmək, fəaliyyətini bərpa etmək niyyətindədir.
“Providence” 1769-cu ildə inşa edilmiş və ABŞ Hərbi Dəniz Qüvvələrinin yaranma tarixində mühüm rol oynamış eyniadlı gəminin replikasıdır. Gəminin tikintisinə 1973-cü ildə başlanılıb, 1976-cı ildə tamamlanıb. O, uzun illər təhsil məqsədli səfərlər və ekskursiyalar üçün istifadə olunub, həmçinin “Karib dənizinin quldurları” film seriyasının ikinci və üçüncü hissələrində çəkilib.
2015-ci ildə güclü fırtına zamanı dokda ciddi zədələnən gəmi 2017-ci ildə bərpa məqsədilə satın alınmışdı. Yeni təşəbbüs onun tarixi və təhsil əhəmiyyətini qoruyaraq turizm məkanı kimi fəaliyyətini davam etdirməsinə imkan yarada bilər.

