Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-24,
Seanews
Heyder Eliyev

ilə 3 milyardıncı barel neft ixrac ol

İyulun 14-də Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə nəql olunan Xəzər xam neftinin 3 milyardıncı bareli 3 929-cu tankerə yüklənərək dünya bazarlarına yola salınıb. Bu barədə “BP-Azerbaijan” şirkəti məlumat yayıb. Ceyhan terminalında BTC xam neftinin ilk tankerə yüklənməsi 2006-cı ilin yayında baş tutub. Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçərək BTC boru kəməri vasitəsilə 1768 km məsafəni qət edərək nəql olunmuş təxminən 600 min barel həcmində “Azəri-Çıraq-Günəşli” (AÇG) xam neftindən ibarət ilk yük 4 iyun 2006-cı il tarixində “British Hawthorn” tankerinə yüklənib və yeni Ceyhan Dəniz Terminalından yola salınıb. “İlk tankerin yola salınması məhz 12 il əvvəl 13 iyul tarixində regionun dövlət və hökumətlərinin rəhbərlərinin, BTC-nin sahibkar şirkətlərinin icraçı rəhbərlərinin və digər yüksək vəzifəli qonaqların iştirakı ilə keçirilmiş tədbirdə rəsmi qaydada qeyd edilmişdi. Regionda enerji ixracının başlıca arteriyası hesab olunan bu boru kəməri Xəzər dənizinin zəngin enerji ehtiyatlarının dünya bazarlarına çıxarılmasında mühüm rol oynayıb. Azərbaycanın strateji obyekt kimi dəyərləndirdiyi bu boru kəməri qapalı Xəzər hövzəsi ilə bütün dünya bazarlarına asan çıxışı olan Aralıq dənizi arasında ilk birbaşa əlaqədir. Tikinti mərhələsindən başlayaraq, BTC regiona mühüm mənfəətlər gətirərək müsbət dəyişikliklər yaradıb. Eyni zamanda, boru kəmərinin Bosfor və Dardanel boğazlarından yan keçməsi tranzit ölkələr üçün mühüm gəlirlərin əldə olunmasına imkan yaradaraq, neft daşımalarının qaçılmaz artımının və əlaqədar ekoloji risklərin azalmasına kömək edir və bununla yanaşı Azərbaycan, Gürcüstan, Türkiyə və qərb ölkələri arasında siyasi və iqtisadi əlaqələrin güclənməsinə dəstəyi davam etdirir”,-şirkətdən bildirilib. Qeyd olunub ki, bu günə qədər BTC texniki təhlükəsizlik və istismar baxımından yüksək göstəricilər nümayiş etdirib. Onun səmərəliliyi və istismar etibarlılığı ilk dövrlərdəki 75%-dən artaraq hazırkı 99,9% səviyyəsinə çatıb. BP-nin Azərbaycan-Gürüstan-Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirib ki, Ceyhan limanından xam neftin 3 milyardıncı barelinin nəql olunması BTC-nin əldə etdiyi əlamətdar nailiyyətdir. “İstismara başladığı vaxtdan etibarən boru kəməri müstəsna səmərəlilik nümayiş etdirib. Onun inşası nəhəng mühəndis-texniki nailiyyətdir və 12 illik təhlükəsiz, etibarlı və məsuliyyətli əməliyyatlardan sonra bu boru kəməri əməliyyat səmərəliliyinin bariz nümunəsi və üç ölkə boyunca vahid komandanın gerçəkləşdirdiyi dünya miqyaslı fəaliyyət kimi təsvir oluna bilər. Əminliklə deyə bilərəm ki, BTC-nin fəaliyyəti dünyada ən təhlükəsiz və ekoloji cəhətdən zərərsiz boru kəməri əməliyyatlarından biridir. Biz hamımız BTC-nin uğur hekayəsi ilə qürur duymalıyıq. Hamımız dedikdə, mən layihə başladığı andan etibarən üç ölkədə layihənin icrasına cəlb edilmiş minlərlə insanı – işçi qüvvəsini, icmaları, şirkətləri, regional və beynəlxalq hökumətləri, tərəfdaşları və öz işçi heyətimizi nəzərdə tuturam. Bu, həqiqətən də hər mənada böyük obyektdir və bu günə qədər onun əldə etdiyi nailiyyətlər bizdə qürur hissi oyadır. Üç regional ölkəni birləşdirən körpü kimi BTC həmin üç ölkə boyu icmalarda və əhalidə böyük müsbət dəyişikliklərə yol açaraq bu ölkələr arasında əlaqələri möhkəmləndirmişdir. BP-nin dünya üzrə biznesində belə layihənin olması mənə böyük qürur və şərəf verir və sizin çoxunuzun da eyni hisləri bölüşdüyünüzə əminəm”. Qeyd edək ki, 1768 km uzunluğunda və gündəlik ötürücülük gücü 1,2 mln. barel olan BTC boru kəməri nəqliyyat baxımından onsuz da izdihamlı olan Dardanel və Bosfor boğazlarında tankerlərin hərəkət sıxlığını artırmadan Xəzər dənizindən təhlükəsiz və məsuliyyətli qaydada neft ixrac etməyə imkan verir. Boru kəməri 46/42/34” diametrli boru xətlərindən ibarətdir. Üç tranzit ölkə boyu səkkiz nasos stansiyası və 98 siyirtmə stansiyası var. Boru kəməri Ceyhanda yenidən dəniz səviyyəsinə düşməzdən qabaq 2830 metr səviyyəsində ən yüksək nöqtəyə qalxaraq, bir neçə dağ silsiləsi, 3000 yol, dəmiryolu və həm yeraltı, həm yerüstü kommunikasiya xətləri ilə və eləcə də Türkiyədə eni 500 metrədək çatan Ceyhan çayının yerləşdiyi ərazidəki keçid də daxil olmaqla 1500-dən artıq su hövzəsi ilə kəsişir. BTC-nin tikintisinin tamamlanması üçün dörd il tələb olunub – layihə 2002-ci ilin iyul ayında təsdiqlənib və 2006-cı ilin may ayında başa çatıb. Fəaliyyətlərin ən qızğın dövründə tikintiyə 22000 nəfər cəlb olunub (bunların demək olar 80%-ni yerli işçilər təşkil edib), 110 milyondan artıq adam- saat sərf edilib, 200 milyon kilometrdən artıq məsafə qət edilib– bu yer kürəsi ətrafında 10 dəfə dövrə vurmağa bərabərdir – 220000 ədəd boru qaynaq edilib.  Report


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır