

IMO Dənizçi Günü ərəfəsində yeni kampaniyaya başlayıb
Beynəlxalq Dəniz Təşkilatı (IMO) 25 iyun tarixində qeyd olunacaq Dənizçi Günü ərəfəsində “Gəmimdə təcavüz yoxdur” devizi altında kampaniyaya start verib.
"Seanews.az" xəbər verir ki, təşəbbüsün məqsədi dənizçilər üçün təhlükəsiz, hörmətə əsaslanan və zorakılıqdan azad iş mühiti qurulmasını təşviq etməkdir.
Təşkilatın bəyanatında bildirilir ki, dünya üzrə çoxsaylı dənizçilər, xüsusilə qadın heyət üzvləri cinsi, psixoloji və fiziki təcavüz halları ilə üzləşir. Kampaniya bu halların aradan qaldırılması üçün sıfır tolerantlıq prinsipinin tətbiqini, eləcə də dənizçilərin bu sahədə maarifləndirilməsini nəzərdə tutur.
Kampaniya çərçivəsində IMO "İnteraktiv Dünya Xəritəsi" adlı yeni resurs da təqdim edib. Bu xəritə vasitəsilə dənizçilər öz bayraq dövlətlərinin onlara təqdim etdiyi hüquqi mexanizmlər və dəstək barədə məlumat ala biləcəklər.
Bundan əlavə, IMO beynəlxalq gəmiçilik ictimaiyyətini #MyHarassmentFreeShip həştəqi ilə kampaniyaya sosial mediada dəstək verməyə çağırır.