Süni intellekt sistemi gəmidə təhlükəli halları əhəmiyyətli dərəcədə azaldıb
Gəmi menecmenti şirkəti “Acheon Akti” sınaq layihəsinin müsbət nəticələrindən sonra “EVI Safety Technology” şirkətinin süni intellekt əsaslı monitorinq sistemini daha çox gəmidə tətbiq etməyə hazırlaşır.
“Seanews.az” xəbər verir ki, mövcud bort kameralarından istifadə edən sistem müxtəlif fəaliyyətləri izləyərək mümkün təhlükələri müəyyənləşdirib. Sınaq keçirilən gəmidə körpüdə təhlükəli yaxınlaşmaların sayı təxminən 20 dəfə, digər nəzarət edilən sahələrdə isə ən azı üç dəfə azalıb.
Monitorinq nəticələrinə görə, iş prosedurlarından kənara çıxmaların ümumi müddəti də 69 faiz azalaraq 8839 dəqiqədən 2730 dəqiqəyə düşüb.
Sistemin əsas xüsusiyyəti videoları gəmidə emal etməsidir. Bu, peyk rabitəsinin məhdud olduğu ərazilərdə də işləməyə imkan verir. Sistem mümkün riskləri ekipajın diqqətinə çatdırır, yekun qərarı isə ekipaj verir. Aşkar edilən hallar sonradan sahildə təhlil və insidentlərin araşdırılması üçün də istifadə olunur.
“Acheon Akti” 65-dən çox gəmidən ibarət donanmaya malikdir və texnologiyanı KARCO təhlükəsizlik təlim proqramı ilə birlikdə tətbiq etməyi planlaşdırır.

