İndoneziyada batan “Virgo Transport 8” bərəsinin kapitanı barədə istintaq başlayıb
İndoneziya polisi ötən ay Yava dənizində batan və onlarla insanın həyatını itirdiyi “Virgo Transport 8” bərəsinin kapitanı ilə bağlı rəsmi araşdırmaya başlayıb.
“Seanews.az” xəbər verir ki, ilkin olaraq Cənubi Kalimantan əyalətinin polisi tərəfindən aparılan araşdırma hazırda Milli Polisin Su Polisi İdarəsinə verilib. Kapitan hələ də saxlanılır. Hazırkı mərhələdə polis ekipaj üzvlərinin ifadəsini alır və hadisənin gedişatını müəyyənləşdirir. Hüquq pozuntusuna görə kimin məsuliyyət daşıya biləcəyi araşdırılır.
Sentyabrın 30-da axtarış-xilasetmə əməliyyatının 18-ci günündə daha dörd nəfərin cəsədi tapılıb. Bununla da təsdiqlənmiş ölənlərin sayı 78-ə çatıb, 57 nəfər isə hələ də itkin sayılır.
Tapılan cəsədlərdən 27-nin şəxsiyyəti müəyyən edilməyib. Batan gəminin tərsinə çevrilmiş vəziyyətdə olması və ərazidə güclü su axınlarının mövcudluğu dalğıcların işini çətinləşdirir.


