Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Xəzər dənizinin ən unikal gəmi-bərəsindən - REPORTAJ

Aprelin 28-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Ro-Pax tipli “Zərifə Əliyeva” gəmi-bərəsi ilk səfərini Qazaxıstanın Kurık limanına həyata keçirib.

Sənayenin ən son texnoloji yeniliklərinin tətbiq edildiyi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus unikal gəminin uzunluğu 154,5 metr, eni 17,7 metr, bortunun hündürlüyü isə 7,5 metrdir.

Daimi heyəti 30 nəfərə çatdırılması mümkün olan gəmi-bərənin Kurık limanına səfəri zamanı 25 heyət nəfəri, 43 sərnişin, 38 yük maşını və 18 minik avtomobili olub. Ələt Beynəlxalq Dəniz Ticarət Limanına qayıdanda isə gəmidə 25 heyət nəfəri, 53 sərnişin, 41 yük maşını olub.

Bu gəmi-bərəsi yükgötürmə qabiliyyətinə görə Xəzərdə hazırda mövcud olan bərələrdən böyükdür və 100 nəfər sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili/TIR daşımaq imkanına malikdir.

Bu gəmi-bərə ilə bağlı maraqlı səfər ondan ibarətdir ki, onun ASCO-nun ən gənc kapitanı Təhmiraz İsmayılov və komandası idarə edir.

T.İsmayılov bildirir ki, Azərbaycanın flaqman gəmisinə kapitanlıq etməsi onun məsuliyyətini daha da artırıb:

“Bundan əvvəl də digər gəmi-bərələrdə çalışmışam. Ro-Pax tipli “Zərifə Əliyeva” gəmi-bərəsinin ilk səfəridir və bu gəmiyə kapitan təyin edilməkdə öz üzərimdə böyük məsuliyyət hiss edirəm. Çalışacam mənə olan etimadı düzgün və layiqli yerinə yetirim. Rəhbərliyin göstərişi və verdiyi tapşırıqları vaxtlı-vaxtında düzgün icra edim”.

Komandirin növbə köməkçisi Seymur Əhmədov isə ümumilikdə 22 illik təcrübəsinin olduğunu və yeni gəmi-bərədə səfərə çıxmağın ona zövq verdiyini açıqlayıb. Onun gəmidə əsas vəzifəsi yükləmə və yükboşaltma əməliyyatları zamanı prosesə nəzarət etməkdir:

“Dəniz həmişə biz gördüyümüz kimi sakit olmur. Dənizdə külək də olur, fırtına da olur. Hər bir dənizçi istəyər ki, onun üzdüyü gəmi sakit olsun. Əvvəllər tankerlərdə işləmişəm, elə vaxt olub ki, 3-4 ay dənizdə çalışmışıq”.

Ələt-Kurık-Ələt marşrutu üzrə səfər zamanı gəmidə olanların qidalanmasına cavabdeh olan əsas şəxs baş aşpaz Ruhəngiz Cəfərovadır. 17 illik təcrübəyə malik Ruhəngiz Cəfərova deyir ki, bütün sərnişin və heyət üzvlərini razı salmaq çətindir, insanların sağlam və keyfiyyətli qidalanması üçün əlindən gələni edir:

“Gəmidə daha çox ev yeməklərinə üstünlük verirəm. Evimdə nə bişirirəmsə burda da onu bişirirəm. Məsuliyyət hiss edirəm ki, insanlar ən azından ev yeməyi yesin. Yəqin ki, işimiz qənaətbəxşdir”.

“Zərifə Əliyeva” gəmi-bərəsinin digərlərindən fərqli və üstün cəhətlərini açıqlayan Şamxal Əliyev həmin gəminin heyətində yer alan ən gənc dənizçilərdəndir. Ümumilikdə 9 illik təcrübəyə malik olan növbə köməkçisi gəminin komfortlu və daha geniş manevr imkanlarına malik olduğunu deyir:

“Yeni gəmimiz manevr və komfort baxımından digər gəmilərdən fərqlənir. “Zərifə Əliyeva” gəmi-bərəsi minimum suya oturma qabiliyyəti ilə daha çox yükgötürmə imkanına malikdir. Bu da digər sərnişin bərə gəmiləri arasında fərqlənir”.

Gəmidə ən mühüm vəzifələrdən birini də bosman Yevgeni Çesnakov icra edir. Əsas işi matrosların fəaliyyətinə nəzarət etmək olan Yevgeni deyir ki, havanın küləkli, dənizin isə dalğalı olması onların da işinə mənfi təsir edir:

“Mənim əsas işim lövbərləri və körpüyə yanalma kəndirlərini verməkdir. Su və kanalizasiya sistemində də problem olarsa onun da həllinə biz baxırıq. Gəmi çirkli olanda deməli bosman da təmiz adam deyil”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır