Rekordu hələ yenilənməyən 74 yaşlı gəmi batırılaraq dünyanın ən böyük süni rifinə çevrilib
ABŞ-nin məşhur “SS United States” okean layneri noyabrın 11-də Florida sahillərində, Meksika körfəzində nəzarətli şəkildə batırılıb. Bununla da 302 metr uzunluğundakı gəmi dünyanın ən böyük süni rifinə çevrilib.
“Seanews.az” xəbər verir ki, gəmi Destin-Fort Uolton-Biç sahilindən təxminən 22 dəniz mili cənub-qərbdə, dənizin 55 metr dərinliyində batırılıb. Əməliyyat zamanı gəminin su ilə doldurulmasına günortadan başlanılıb. Layner təxminən beş saat suyun üzərində qaldıqdan sonra yan tərəfə əyilərək batıb.
13,5 milyon dollara başa gələn layihənin əsas məqsədi bölgədə dalğıc turizmini və balıqçılığı inkişaf etdirmək, o cümlədən tuna, marlin və qılıncbalıq kimi növlər üçün yeni yaşayış mühiti yaratmaqdır. Layihə çərçivəsində gəminin yanacaq və sürtkü yağı çənləri su ilə doldurulub, gövdəsində dəniz suyunun daxil olması üçün böyük ölçülü dəliklər açılıb.
Yeni süni rif 2006-cı ildə Florida sahillərində batırılmış “USS Oriskany” aviadaşıyıcısının rekordunu geridə qoyub.
1952-ci ildə istismara verilən “SS United States” ilk transatlantik səfərində orta hesabla saatda təxminən 41 mil sürətlə hərəkət edərək “Queen Mary” laynerinin 1938-ci ildə müəyyənləşdirdiyi rekordu yeniləyib və “Mavi lent” mükafatına layiq görülüb. Okean laynerləri arasında müəyyənləşdirdiyi sürət rekordu indiyədək qırılmayıb. Gəmi 1969-cu ildə istismardan çıxarılıb.
Qeyd edək ki, laynerin iki bacası batırılmadan əvvəl sökülüb. Onların gəminin tarixinə həsr olunacaq yeni muzeydə nümayiş etdirilməsi nəzərdə tutulur.

