Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-11-13,
Seanews
Heyder Eliyev

Arktikada buz örtüyünün azalması Avropada yay quraqlıqlarından xəbər verə bilər - Tədqiqat

Barens və Kara dənizlərində qış mövsümündə dəniz buzlarının sahəsinin azalması Avrasiyanın bir çox ərazilərində, həmçinin Şərqi Avropada yay aylarında quraqlığın güclənməsi ilə əlaqəli ola bilər. “Frontiers in Water” elmi jurnalında dərc olunan tədqiqatın müəllifləri bu qənaətə gəliblər.

AZƏRTAC xəbər verir ki, tədqiqatçılar qış mövsümündə Arktikada dəniz buzlarının əhatə etdiyi ərazilərdə baş verən dəyişikliklərlə Arktikadan xeyli uzaqda yerləşən ərazilərdə yay aylarında yaranan quraqlıq şəraiti arasında əlaqə müəyyən ediblər.

Tədqiqatın nəticələrinə görə, bu proseslərin təsiri Rumıniyanın şərq ərazilərinə, Moldovaya və Ukraynaya, Qara və Xəzər dənizlərinin şimal rayonlarına, eləcə də Qazaxıstanın qərb bölgələrinə yayıla bilər.

Tədqiqat çərçivəsində alimlər oktyabr-mart aylarını əhatə edən dövr üzrə Barens və Kara dənizlərində buzların yayıldığı sahələrə dair arxiv məlumatlarını təhlil ediblər. Mənbə kimi 1940-cı ildən etibarən Avrasiyada atmosfer şəraiti haqqında məlumatları özündə birləşdirən Avropa Ortamüddətli Hava Proqnozları Mərkəzinin ERA5 məlumat bazasından istifadə olunub.

Tədqiqatçılar, həmçinin may-sentyabr aylarında quraqlıq göstəricilərini qiymətləndiriblər. Bu zaman həm yağıntıların miqdarının azalması, həm də atmosferin nəmişliyə tələbatının artması nəzərə alınıb.

Atmosferdə karbon qazının konsentrasiyasının uzunmüddətli artımı nəzərə alınmaqla əldə olunan nəticələr əvvəlkilərlə müqayisədə fərqli olub. Bu, aşkar edilmiş əlaqənin yalnız planetdə temperaturun ümumi yüksəlməsi ilə izah olunub-olunmadığını müəyyən etməyə imkan verib.

Alimlər tədqiqat zamanı xüsusi diqqəti Barens və Kara dənizlərinə yönəldiblər. 1980-ci illərdən bəri Arktikada qış mövsümündə dəniz buzlarının sahəsinin ən çox azaldığı ərazilərdən biri məhz bu dənizlərin payına düşür.

BMT-nin İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər Qrupunun proqnozlarına əsasən, karbon qazı emissiyalarının əhəmiyyətli dərəcədə azaldılmadığı təqdirdə, XXI əsrin sonunadək bu bölgədə dəniz səthinin temperaturu 4-5 dərəcə Selsi arta bilər.

Tədqiqatın müəllifləri qeyd edirlər ki, Arktikada dəniz buzlarının vəziyyəti ilə yay aylarında baş verən quraqlıqlar arasındakı əlaqənin öyrənilməsi iqlim risklərinin uzunmüddətli proqnozlaşdırılmasını təkmilləşdirməyə və ölkələrin quraqlıq dövrlərinə əvvəlcədən hazırlaşmasına kömək edə bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır