Hindistanın Gəmiçilik Nazirliyi köhnə ölümcül dəniz qəzaları ilə bağlı ictimaiyyətə müraciət edib
Hindistanın Dəniz Administrasiyası Baş İdarəsi 2013–2024-cü illərdə baş vermiş, Hindistan vətəndaşı olan dənizçilərin ölümü və itkin düşməsi ilə nəticələnən hadisələr barədə əlavə məlumat toplamaq üçün ictimaiyyətə müraciət edib.
“Seanews.az” xəbər verir ki, qurum ümumilikdə 30 hadisə üzrə 46 dənizçi haqqında məlumat axtarır. Onlardan 30-nun öldüyü təsdiqlənib, 16 nəfər isə itkin düşmüş hesab olunur.
Məlumatların toplanmasında əsas çətinliklərdən biri əvvəllər dənizçiləri işə götürən şirkətlərin və heyət komplektləşdirmə agentliklərinin fəaliyyətini dayandırmasıdır. Bu səbəbdən bir sıra hadisələrlə bağlı sənədlərə və qeydlərə çıxış məhdudlaşıb.
Siyahıda ən ağır hadisə 2019-cu ilin yanvarında Kerç boğazında “Candy” və “Maestro” qazdaşıyan gəmilərində baş vermiş ikili partlayış və yanğındır. Gəmilər arasında yükün birindən digərinə ötürülməsi zamanı qeydə alınan hadisə nəticəsində ümumilikdə 20 nəfər ölüb və ya itkin düşüb. Hindistan tərəfi həmin hadisə ilə bağlı altı dənizçinin ölümü, daha altı nəfərin isə itkin düşməsi barədə məlumatları dəqiqləşdirməyə çalışır.
Hadisə ilə bağlı məhkəmə prosesi Rusiyada davam edir.

