13 noyabr Dünya Xeyirxahlıq Günüdür
Xeyirxahlıq nədir?
Xeyirxahlıq mənim üçün — heç bir təmənna, qarşılıq və ya mükafat gözləmədən başqasının həyatına işıq salmaq, onun dərdinə şərik olmaq və ya sadəcə üzündə səmimi bir təbəssüm yaratmaqdır.
Əsl xeyirxahlıq “mənə nə verəcək?” və ya “bunu etsəm, mənə necə baxarlar?” deyə düşünmədən, məhz qəlbin istəyi ilə olunandır.

FOTO 1. Yeni ayaqqabılar
Haşiyə: Bu, dünya miqyasında əsl sevincin rəmzinə çevrilmiş çox məşhur fotoşəkildir. “Yeni ayaqqabılar” adlandırılan foto 1946-cı ilin dekabrında fotoqraf Cerald Valler tərəfindən çəkilib. Müharibədən sonrakı ağır dövrdə həmin uşaq üçün bir cüt ayaqqabının nə qədər böyük xoşbəxtlik olduğunu ağ-qara foto belə aydın göstərir. Bu təsirli foto məni kifayət qədər uzun müddət bu uşağın sonrakı taleyi haqqında kiçik də olsa bir məlumat axtarmağa sövq etmişdi.
Bu gün sizinlə öyrənə bildiklərimi bölüşməyə hazıram: şəkildəki 6 yaşlı uşaq Avstriyanın Vyana şəhərindəki “Am Himmel” adlanan uşaq evində yaşayan Hans Verfeldir. Kadr Amerika Qırmızı Xaç Cəmiyyətinin İkinci Dünya müharibəsindən sonra Avropadakı uşaqlara göndərdiyi humanitar yardım (paltar və ayaqqabılar) paylanarkən çəkilmişdir. Sonradan tarixi sənədlərə görə, bu uşaq çox qısa bir vaxtda – 1947-ci ildə Qırmızı Xaç işçilərinin köməyi ilə ailəsi və ya sağ qalan qohumları ilə yenidən bir araya gətirilmişdir.

FOTO 2. Balaca oğlanın böyük qəlbi
Əsl xeyirxahlıq başqasının yerində ola bilmək, onun ağrısını, sevincini və ya ehtiyacını ürəkdən hiss edə bilməkdir.

FOTO 3. İnsan uşaqlığında da “böyük” ola bilir
Xeyirxahlıq mütləq böyük, qlobal əməllər olmalı deyil. Yolda qalan birinə kömək etmək, birinin çətin anında yanında olmaq, xoş söz demək və ya sadəcə qayğı göstərmək də xeyirxahlıqdır.
Xeyirxahlıq insanın daxilindəki nuru başqası ilə paylaşmasıdır. Dünyanı gözəlləşdirən də məhz bu saflıqdan irəli gələn əməllər və onların yaşatdığı xoş duyğulardır. Dünyamız gözəl olsun!
İndi isə bizə xeyirxah əməlləri xatırladan bu günü təqvimə yazan tarix haqqında.
TARİXİ ARAYIŞ
1997-ci ildə Yaponiyada “Dünya Xeyirxahlıq Hərəkatı” təşkilatı yaradılmış və müxtəlif ölkələrdən olan xeyirxahlıq hərəkatı həmfikirlərini — öz əməlləri ilə insanları yaxşı işlər görməyə ruhlandıran könüllüləri və fədakarları “öz bayrağı altına” toplamışdır.
1998-ci il noyabrın 13-də Tokioda Dünya Xeyirxahlıq Hərəkatının (ing. World Kindness Movement) 1-ci konfransı işə başlamışdır. Həmin tədbirdə Avstraliya, Kanada, Yaponiya, Tailand, Sinqapur, Böyük Britaniya və ABŞ nümayəndələri iştirak edirdilər. Sonradan Hərəkata digər ölkələr də qoşuldu.
2000-ci il noyabrın 18-də Sinqapurda keçirilən 3-cü konfrans zamanı iştirakçıların təklifi ilə Hərəkatın 1-ci konfransının açılış günü – noyabrın 13-ü Dünya Xeyirxahlıq Günü kimi təsis edilmişdir.
Hərəkatın öz rəsmi sənədi — “Xeyirxahlıq Bəyannaməsi” var. Orada deyilir: “Biz məmnunluq bəxş edən və mənalı bir həyatın əsas şərti kimi sadə insani xeyirxahlığın fundamental əhəmiyyətini qəbul edir və bu sənədlə Dünya Xeyirxahlıq Hərəkatının yaradıldığını elan edirik. Biz hər bir ölkədəki təşkilatlar vasitəsilə və ümumdünya şəbəkəsi yaratmaqla birləşməyə, daha xeyirxah və mərhəmətlə dolu bir dünya qurmağa çalışacağıq”.
13 noyabr Rəngli Daşlar Hərəkatı üçün də ən təbii beynəlxalq məlumatlandırma günüdür. Rəngli daşların arxasında duran fəlsəfə - gözəl bir şey boyayıb, onu bir yad adama tapması üçün anonim olaraq buraxmaq və əvəzində heç nə istəməmək – tamamilə saf bir xeyirxahlıq fəaliyyətidir. Dünya Xeyirxahlıq Gününü rəngli daşlarla qeyd etmək bu məqsədi qlobal miqyasda gücləndirir.
XEYİRXAHLIQDAN DOĞAN MƏMNUNLUQ
İnsan təkcə sosial deyil, həm də mürəkkəb quruluşlu şüura malik bir varlıqdır. Onun üçün canlı ünsiyyət vacibdir. Müasir dünyamızda virtual ünsiyyətin genişlənməsilə balansın pozulması kimi ciddi bir problemin şahidi oluruq: hətta yaxın insanlar arasında uçurum yaranır, xeyirxahlığın təzahürləri isə durmadan azalır. İnsanlar bədbinləşir, özlərini tənha və itirilmiş hiss edirlər.
Bir qrup Yaponiya və ABŞ psixoloqunun apardığı tədqiqat isə sübut etmişdir: xeyirxah əməllərimizin sayı nə qədər çox olsa, özümüzü bir o qədər xoşbəxt hiss edirik. Alimlərin gəldiyi qənaətə görə, gündəlik həyatda ətrafdakılara minnətdarlıq, şəfqət və digər xeyirxah hisslərlə yanaşan insanlar dünyaya nikbin baxır, daha az xəstələnir və daha uzun ömür sürürlər.
İnsan başqalarına kömək edəndə onun beynində çoxlu sayda təbii ağrıkəsici olan endorfin əmələ gəlir. Endorfinlər sakitləşdirir, stressin təsirini neytrallaşdırır, depressiyanı yüngülləşdirir. Nəhayət, xeyirxahlıq eyforiyaya bənzər ruh yüksəkliyi ilə müşayiət olunur ki, bu da əhval-ruhiyyəni tənzimləyən serotonin hormonunun əmələ gəlməsi nəticəsində baş verir.
Həssaslıq, rəğbət, səxavət, dostcanlılıq, sevgi, nəciblik – bütün bunlar xeyirxahlığın təzahürləridir. Həyatınız belə təzahürlərlə bol olsun!
Sevda Abdullayeva — İctimaiyyətlə əlaqələr departamentinin mütəxəssisi

