Texasda dünyanın ən böyük gəmiqaldırma qurğusu tikiləcək
ABŞ-nin “Saronic” şirkəti Texas ştatının Braunvills şəhərində inşa edəcəyi “Port Alpha” gəmiqayırma zavodu üçün Norveçin “Syncrolift” şirkətinə 100 milyon dollardan artıq dəyəri olan sifariş verib. Müqaviləyə əsasən, dünyanın ən böyük gəmiqaldırma qurğusunun layihələndirilməsi və təchizatı həyata keçiriləcək.
“Seanews.az” xəbər verir ki, qurğunun 300 metr uzunluğunda platforması olacaq və o, 67 min tonadək ağırlığı qaldıra biləcək. Bu göstərici hazırda mövcud olan ən böyük analoji qurğunun imkanlarından iki dəfə çoxdur. Qurğunun 2028-ci ildə təhvil verilməsi nəzərdə tutulur.
Yeni sistem eyni vaxtda bir neçə gəminin quru ərazidə yığılmasına və təchiz edilməsinə imkan yaradacaq. Bununla da ənənəvi quru doklardan asılılığın və gəmi tikintisində yaranan istehsal məhdudiyyətlərinin azaldılması hədəflənir.
3 milyard dollardan çox investisiya nəzərdə tutulan “Port Alpha” gəmiqayırma zavodunun ilkin mərhələdə 835 akr (338 hektar) ərazini əhatə etməsi, gələcəkdə isə 4400 akradək (1781 hektar) genişləndirilməsi planlaşdırılır. Müəssisədə mülki və müdafiə təyinatlı, həmçinin avtonom və heyətlə idarə olunan gəmilərin istehsalı nəzərdə tutulur.
“Saronic” zavodun 2028-ci ildə fəaliyyətə başlamasını, 2035-ci ilədək isə illik istehsal gücünün 20 gəmiyə çatdırılmasını hədəfləyir. İlk istehsal olunacaq gəmilərin ABŞ Hərbi Dəniz Qüvvələri üçün desant-çıxarma təyinatlı LCU tipli vasitələr olacağı gözlənilir.


