IMO gəmiçilik sənayesindən istixana qazı emissiyalarını azaltmaq üçün yenidən işlənmiş strategiyanı bəyənib
Beynəlxalq Dəniz Təşkilatı (IMO) gəmiçilik sənayesi əməliyyatlarından istixana qazı emissiyalarının azaldılmasına yönəlmiş yenidən işlənmiş strategiya qəbul edib. Sənəd "müxtəlif milli şərtlər nəzərə alınmaqla" təxminən 2050-ci ilə qədər gəmiçilik sənayesindən istixana qazı emissiyalarını ildə 1 milyon tondan sıfıra endirməyi hədəfləyir.
Bu barədə “Ship & Bunker” sənaye portalı məlumat yayıb.
Dəyişiklik edilmiş strategiya iyulun 7-də Londonda BMT-nin Dəniz Ətraf Mühitin Mühafizəsi Komitəsinin 80-ci iclasında qəbul edilib.
Sənəd 2008-ci il səviyyələri ilə müqayisədə gəmiçilikdən ümumi istixana qazı emissiyalarının azaldılması üçün “indikativ hədəf tarixləri” müəyyən edir. Beləliklə, 2030-cu ilə qədər emissiyalar ən azı 20% (bəlkə də 30%), 2040-cı ilə qədər isə 70% (və ya 80%) azaldılmalıdır.
Qeyd edək ki, IMO-nun 2018-ci ildə qəbul edilmiş ilkin strategiyası 2030-cu ilə qədər su nəqliyyatından emissiyaların ən azı 40%, 2050-ci ilə qədər isə ən azı 50% azaldılmasını nəzərdə tuturdu.
2023-cü ilin yayından başlayaraq nəzərdən keçirilən ortamüddətli tədbirlərin hər birinin hərtərəfli təsir qiymətləndirilməsi aparılacaq, aralıq hesabat gələn ilin yazında, yekun hesabat isə 2024-cü ilin payızında hazırlanacaq.
Seçilmiş tədbirlərin 2025-ci ilin payızında keçiriləcək növbədənkənar iclasında qəbul edilməzdən əvvəl BMT-nin Dəniz Ətraf Mühitin Mühafizəsi Komitəsinin 83-cü sessiyasında təsdiqlənəcəyi güman edilir. Bu tədbirlərin qüvvəyə minməsi üçün ən erkən vaxt onların qəbulundan 16 ay sonra, 2027-ci ildir.
“Seanews.az”


