“Evergreen” üçün 16 min TEU tutumlu 24 gəmi tikiləcək
Tayvanın konteyner daşıyıcısı “Evergreen” hər birinin tutumu 16 000 TEU olan 24 konteyner gəmisinin tikintisini sifariş verib.
Daşıyıcının məlumatında qeyd olunur ki, bütün gəmilər metanolun gələcəkdə bunker yanacağı kimi istifadəsi üçün hazırlanmış iki yanacaqlı güc qurğuları ilə təchiz ediləcək. Hər gəminin qiyməti 180 milyon dollardan 210 milyon dollardək ola bilr.
24 konteyner gəmisindən 16-sı “Samsung Heavy Industries” tərsanəsində inşa ediləcək. Sifarişin ümumi dəyəri 2,8-3,3 milyard dollar arasındadır. Qalan səkkiz gəmi “Nihon Shipyard Co”-da (ümumi dəyəri 1,4 - 1,7 milyard dollar) inşa ediləcək.
Hazırda birləşmiş “Evergreen” qrupunun donanması ümumi tutumu 953,7 min TEU olan 127 konteyner gəmisindən, həmçinin taym-çarterə götürülmüş 88 gəmidən ibarətdir.
Beləliklə, digər xətti gəmiçilik şirkətləri kimi, “Evergreen” də gələcəyin yanacağı kimi metanola üstünlük verir. Bundan əvvəl Danimarka nəhəngi “Maersk” metanolla işləyən konteyner gəmiləri parkını 25 ədədə çatdırmaq üçün gəmiqayırma müəssisələrinə sifarişlər vermişdi. Fransanın “CMA CGM” qrupu və Sinqapurun “X-Press Feeders” şirkəti də metanolla işləyəcək iki yanacaqlı gəmilər sifariş ediblər.
“Seanews.az”


