ABŞ Hərbi Dəniz Qüvvələrinin xilasedici gəmisi Hindistanda təmir olunacaq
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Salvor” xilasetmə gəmisi əsaslı təmir üçün Tamilnadu ştatının Kattupalli şəhərindəki “Larsen & Toubro” tərsanəsinə Hindistana gəlib.
TASS xəbər verir ki, bu barədə “The Hindu” qəzeti məlumat yayıb.
“Salvor” xilasedicisi Yeni Dehli və Vaşinqtonun ABŞ Hərbi Dəniz Qüvvələrinin Hindistanın gəmi təmiri sənayesindən istifadə etməsi barədə razılığa gəlməsindən sonra ABŞ-ın Hindistanda təmir olunan üçüncü hərbi gəmisidir. Bu ilin əvvəlində “Larsen & Toubro” Hind okeanında ABŞ Hərbi Dəniz Qrupunun iki dəstək gəmisini əsaslı təmir etdi.
İmzalanan beş illik əməkdaşlıq müqaviləsinə görə, Hindistan şirkətinin müəssisələrində Amerika gəmilərinin modernləşdirilməsi də həyata keçiriləcək. “Larsen & Toubro” artıq Hindistan Hərbi Dəniz Qüvvələri və Sahil Mühafizəsindən belə işlərin görülməsinə icazə alıb.
ABŞ administrasiyasının daha əvvəl bildirdiyi kimi, Vaşinqton hazırda Hindistanın “Mazagon Dock Limited” (Mumbay) və “Goa Shipyard” (Qoa) gəmiqayırma korporasiyalarının müəssisələrində Amerika gəmilərinə texniki xidmət və onların təmiri üzrə sazişləri yekunlaşdırır. Ağ Evin bəyanatında deyilir ki, bu razılaşmalar müxtəlif döyüş meydanlarında ABŞ hərbi əməliyyatlarının iqtisadi dəstəyinə töhfə verəcək.
“Seanews.az”


