IMO-nun yeni Baş katibi vəzifəsinin icrasına gələn ilin əvvəlində başlayacaq
Arsenio Dominqes Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Dəniz Təşkilatının (IMO) yeni Baş katibi seçilib. Panamadan olan namizəd iyulun 18-də IMO-nun Londondakı baş ofisində keçirilən iclasında seçilib.
Bu barədə "Shipping Watch" portalı IMO-nun "Twitter"dəki məlumatlarına istinadən xəbər verir.
Arsenio Dominqes vəzifəsinin icrasına 2024-cü ilin əvvəlində başlayacaq və IMO-nun Cənubi Koreyalı hazırkı Baş katibi Kitak Limi əvəz edəcək.
Yeni Baş katib uzun illər Dəniz Ətraf Mühitin Mühafizəsi Komitəsinin (MEPC) ikiillik iclaslarını təşkil edən Dəniz Ətraf Mühitin Mühafizəsi Departamentinin direktoru vəzifəsində çalışdığı üçün IMO-da yaxşı tanınır.
O, Panama Dəniz Administrasiyasında 20 ilə yaxın işlədikdən sonra 2017-ci ilin iyul ayında IMO Baş katibinin aparat rəhbəri vəzifəsinə keçib. 2022-ci ilin yanvar ayından etibarən Dominqes təşkilatın ətraf mühitin mühafizəsi qoluna rəhbərlik edir.
“Seanews.az”


