Dünyanın ən qeyri-adi gəmisi doğranmaya göndərilib
Su üzərində həm üfüqi, həm də şaquli dayana bilən “FLİP” gəmisi doğranacaq.
“Seanews.az” xəbər verir ki, təmir xərci yüksək olunduğundan gəminin doğranılmasına qərar verilib. Üzən vasitə doğranmaq üçün yedəklər vasitəsilə zavoda gətirilib.
ABŞ-ın Skrips Okeanoqrafiya İnstitutuna məxsus gəmi dalğa yüksəkliyini, akustik siqnalları, suyun istiliyini, sıxlığını yoxlamaq və meteoroloji məlumatlar toplamaq məqsədilə 1962-ci ildə istismara verilib.
“Tərs gəmi” kimi tanınan üzən universal platforma digər gəmilərdən fərqli olaraq karma hissəsini suya batıraraq perpendikulyar dayana bilirdi. Bu zaman suyun üzərində onun ancaq burun hissəsi qalırdı.
108 metr uzunluğa, 711 ton ağırlığa malik gəminin 90 dərəcə dönmə prosesi 30 dəqiqə çəkirdi. Dönmənin son dəqiqəsi yüksək sürətlə baş verirdi. Bu zaman heyət üzvlərinin xüsusi soyuqqanlı olması tələb olunurdu.


