Asiyanın ilk silindrik üzən neft və qaz qurğusu 15 il təmirsiz istismar ediləcək
Sindaoda Asiyanın ilk silindrik üzən neft və qaz hasilatı, saxlanması və boşaldılması (FPSO) qurğusunun əsas gövdə hissəsinin tikintisi başa çatıb.
“Offshore Energy” nəşri “China National Offshore Oil Corporation”-a (CNOOC) istinadən xəbər verir ki, "Haiyang Shiyou 122" adlandırılan gəminin diametri 90 metr, əsas göyərtəsinin sahəsi 13 standart basketbol meydançasının sahəsi boydadır.
Maksimum 60 000 ton neft tutan "Haiyang Shiyou 122" gəmisinin 15 il dok təmirinə dayanmadan işləyə biləcəyinə ümid bəslənilir.
Üzən qurğunun silindrik forması tikintidə polada qənaət etməyə imkan verir. Möhkəm dayanıqlığa malik olduğundan sərt dəniz şəraitinə tab gətirəcək.
"Haiyang Shiyou 122" gəmisi hazırda son yığma mərhələsindədir. Qurğu Asiyanın ilk dərin dayaq platforması olan “Haiji” ilə birlikdə 2024-cü ildə istismara veriləcək. Gəmi Cənubi Çin dənizindəki “Liuhua 16-2” neft yatağının işlənməsi üzrə CNOOC layihəsində iştirak edəcək.
“Seanews.az”