Çin Yaponiya mənşəli dəniz məhsullarının idxalını dayandırıb
Beynəlxalq Atom Enerjisi Agentliyinin icazəsindən sonra Yaponiyada qəzalı vəziyyətdə olan “Fukusima-1” Atom Elektrik Stansiyasından (AES) təmizlənmiş suyun okeana axıdılmasına başlanılıb.
2024-cü il martın 31-dək AES-dən təxminən 31,2 min ton suyun boşaldılacağı və bu prosesin bir neçə onillik çəkəcəyi gözlənilir.
Atom elektrik stansiyasının sökülməsinin isə 2050-ci ilə qədər başa çatdırılması planlaşdırılır.
2011-ci ilin martında baş verən dağıdıcı zəlzələ və sunami nəticəsində “Fukusima-1”də zədələnmiş reaktorların soyudulması üçün AES-in ərazisindəki istifadə olunan çənlərdə 1,25 milyon tondan çox su yığılıb. Yaponiya hökuməti iddia edir ki, su ümumiyyətlə radioaktiv maddələrdən azaddır və tərkibində yalnız hidrogen izotopu (tritium) var. 2021-ci ilin aprelində Tokio bu suyun əhəmiyyətli bir hissəsini okeana axıtmaq qərarına gəlib. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən suyun boşaldılmasının MAQATE-nin nəzarəti altında 30 il ərzində xüsusi tikilmiş tunel vasitəsilə həyata keçirilməsi təklif edilib.
Xarici KİV-lərin məlumatına görə, Çin Xarici İşlər Nazirliyi Yaponiyanın Fukuşima Daiiçi Atom Elektrik Stansiyasında toplanmış radioaktiv tullantı sularını okeana axıtmağa başlamasını pisləyib vəYaponiya tərəfini bu yanlış hərəkəti dayandırmağa çağırıb.
Çin Baş Gömrük İdarəsi stansiyanın tullantı sularının okeana axıdılması ilə əlaqədar qida təhlükəsizliyi baxımından radioaktiv çirklənmə riskinin qarşısının alınmasına çağırıb. Açıqlamada çinli istehlakçıların sağlamlığını qorumaq və idxal edilən ərzaq məhsullarının təhlükəsizliyini təmin etmək məqsədilə Yaponiya mənşəli dəniz məhsullarının idxalının avqustun 24-dən etibarən tamamilə dayandırıldığı vurğulanıb.


