Vətən Müharibəsi Qəhrəmanı doğum gününü qeyd edir
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Məxfi rejim və hərbi səfərbərlik şöbəsinin rəis müavini, Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynovun 36 yaşı tamam olur.
Zaur Hüseynov 26 avqust 1987-ci ildə Salyan rayonunda anadan olub.
O, 2002-2005-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil aldıqdan sonra, hərbi təhsilini davam etdirmək üçün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Ordu yarışlarından 29 medal (3 bürünc, 5 gümüş, 21 qızıl) qazanan Zaur Hüseynov 2009-cü ildə Ali Hərbi Məktəbi fərqlənmə ilə bitirib.
2009-2010-cu illərdə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzini zabit kimi bitirərək orduya yollanıb. 2010-cu ildə Qazax rayonun müdafiəsində Tank əleyhinə taqım komandiri kimi fəaliyyət göstərib. Şəmkir korpusuna Ordu yarışlarında 2 qızıl medal gətirib. 2011-ci ildə Xüsusi Təyinatlı Qüvvələrin kursunu 1-ci olaraq bitirib, kurs birinciliyi ilə Xüsusi Təyinatlı Qüvvələr mənsubu olaraq xidmətə başlayıb. Bir çox vəzifələrdə xidmət edərək döyüş tapşırıqlarında və Aprel döyüşlərində iştirak edib, Talış kəndi istiqamətində döyüşüb. 2017-ci ildə Türkiyə respublikasında "Beynəlxalq Dalğıc" (1-ci sinif dalğıc) kursunu bitirmiş, 2018-ci ildə isə bu dalğıc təcrübəsini təkmilləşdirmək məqsədi ilə Türkiyə respublikasında "1-ci sinif dalğıc təlimatçısı" (dalış amiri) kursunu müvəffəqiyyətlə bitirib.
Azərbaycan Silahlı Qüvvələrinin mayoru olan Zaur Hüseynov 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şuşa şəhərinin azad olunması zamanı Şuşaya ilk girən 3 bölmədən birinin komandiri olub. Şuşanın müdafiəsini tabor komandiri olaraq təşkil edib. Xankəndi istiqamətindən bütün hücumların qarşısını şəxsi heyəti ilə alaraq, Şuşa qalasının divarlarını şəxsi heyəti üçün sipər kimi seçib. Düşmən öz məğlubiyyəti ilə barışana qədər Şuşanı əldə saxlamağı bacarıb.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur Hüseynova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.
Ölkə başçısının digər sərəncamları ilə Zaur Hüseynov "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Zaur Hüseynov həmçinin "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, III dərəcəli "Qüsursuz xidmətə görə" medalı və II dərəcəli "Qüsursuz xidmətə görə" medallarında layiq görülüb.
2023-cü ildən ASCO-nun Məxfi rejim və hərbi səfərbərlik şöbəsinin rəis müavini vəzifəsinə təyin edilib.
ASCO rəhbərliyi və kollektivi adından Qəhrəmanımızı ürəkdən təbrik edir, ona cansağlığı və işlərində müvəffəqiyyətlər arzulayırıq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


