“MOL” gəmiçilik şirkəti “Volkswagen”-i məhkəməyə verib
Gəmi sahibi “MOL” və onun sığorta şirkəti “Allianz” Almaniyanın avtomobil istehsalçısı “Volkswagen”-ə qarşı “Felicity Ace” avtomobil daşıyan gəminin yanğın və sonradan dənizdə batması nəticəsində itirilməsi ilə bağlı iddia qaldırıb.
“MOL” və” Allianz” belə qənaətə gəliblər ki, yanğına səbəb “Porsche”-nin elektrik avtomobillərindən birində nasaz akkumulyator olub. Gəmi yük anbarında başlayan yanğından iki həftə sonra batıb. Bu, 2022-ci ilin fevralında, avtomobil daşıyıcısı Emdendən (Almaniya) Davisvilə (ABŞ) gedərkən baş verib. 22 heyət üzvünün hamısı xilas edilib. Amma "Felicity Ace" ilə birlikdə 4 min avtomobil – “Porsche”, “Bentley”, “Lamborghini”, “VW” və “Audi” dənizdə batıb. Yükün dəyəri 400 milyon dollardan çox qiymətləndirilirdi.
“Allianz” hesabatlarından birində qeyd edilir ki, yanğınlar və partlayışlar 2017-ci ildən 2021-ci ilə qədər dəniz sığortasında itkilərin əsas səbəbləridir.
“Liman sənayesində elektriklə işləyən nəqliyyat vasitələrinin daşınması üçün xüsusi avtomobil daşıyıcılarına ehtiyac olub-olmaması ilə bağlı müzakirələr hələ də davam edir”, - məlumatda deyilir.
“Seanews.az”


