“Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası HŞB-nin Ümumi Yığıncağının protokolu imzalanıb
Bakıda “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası (TBNM BA) Hüquqi Şəxslər Birliyinin Ümumi Yığıncağı keçirilib.
Tədbirdə Azərbaycanla yanaşı Gürcüstan, Qazaxıstan, Ukrayna, Türkiyə, Çin, Polşa, Litva, Sinqapur, Bolqarıstan və Rumıniyanın əlaqədar qurumlarının nümayəndələri iştirak ediblər.
Ümumi yığıncaqda TBNM BA Hüquqi Şəxslər Birliyinin işçi qrupunun 2024-cü il üzrə fəaliyyətinin yekunlarına dair hesabat, ötən il üzrə ümumi yükdaşımalar, eyni zamanda cari il üçün yükdaşıma planı məsələləri müzakirə olunur. Müzakirələrdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialından səmərəli istifadə edilməsi, bu marşruta daha çox yük axınının cəlb olunmasının zəruriliyi, gömrük tarifləri və digər texniki məsələlər müzakirə olunub.
Sonda iclasın müvafiq protokolu, eləcə də “Xəzər dənizi limanları arasında fider bağlantısının təşkili haqqında” və “Fider gəmilərin yüklənməsinin təmin edilməsi haqqında” sazişlər imzalanıb.