ABŞ Hindistandan idarə olunan saxta bayraq şəbəkəsinə sanksiya tətbiq edib
ABŞ Maliyyə Nazirliyi İran neftinin daşınmasında iştirak edən gəmilərə saxta bayraqlar və sertifikatlar təqdim edən şəbəkəyə qarşı sanksiyalar elan edib.
“Seanews.az” bu barədə xarici mediaya istinadla xəbər verir.
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, Hindistanın Çandiqarh şəhərində fəaliyyət göstərən Sunil Kumar Şarma və həyat yoldaşı Cəsprit Priti Şahid müxtəlif ölkələrin adından saxta dənizçilik reyestrləri və sertifikatlaşdırma qurumları yaradaraq sanksiya altında olan gəmilərə xidmət göstəriblər. Şəbəkənin 2014-cü ildən fəaliyyətdə olduğu bildirilir.
ABŞ tərəfi qeyd edir ki, cütlük Aruba, Qayana, Mali, Mozambik, Malavi, Sint-Marten, Timor-Leste və digər ölkələrin adından saxta gəmi reyestrləri yaradıb. Onların 2023-cü ildə Sinqapurda təsis etdiyi “Eswatini Maritime Affairs and International Ship Registry” adlı qurum isə Esvatini hakimiyyət orqanları tərəfindən rəsmən tanınmayıb.
Sanksiyalar Şarma və Şahid ilə yanaşı, onların “Aryavart Ship Management Private Limited” şirkətinə və adıçəkilən dənizçilik qurumuna da şamil edilib.
Bundan əlavə, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) dənizçilik sektoruna saxta bayraq altında üzən gəmilərlə əməkdaşlığın sanksiya riskləri barədə xəbərdarlıq edib.


