Qrenlandiya gəmilərdən skrubber sularının axıdılmasını mərhələli şəkildə qadağan edir
Qrenlandiya parlamenti gəmilərin işlənmiş qazlarını təmizləyən sistemlərdən (skrubberlərdən) yaranan suların dənizə axıdılmasının mərhələli şəkildə qadağan edilməsini yekdilliklə dəstəkləyib.
“Seanews.az” xarici mediaya istinadla xəbər verir ki, noyabrın 4-də qəbul edilən qərara əsasən, 2027-ci il iyulun 1-dən açıq dövrəli skrubberlərdən yaranan suların Qrenlandiyanın limanlarına, daxili və ərazi sularına axıdılması qadağan olunacaq. 2029-cu il iyulun 1-dən isə qadağa qapalı dövrəli sistemlər də daxil olmaqla, bütün növ skrubberlərə şamil ediləcək.
Skrubberlər gəmilərə yüksək kükürdlü yanacaqdan istifadəni davam etdirməyə, eyni zamanda işlənmiş qazlardakı kükürd oksidlərini təmizləməyə imkan verir. Lakin bu sistemlərin fəaliyyəti zamanı yaranan tullantı suları tərkibində kükürd birləşmələri, ağır metallar və digər çirkləndirici maddələr daşıyaraq dəniz mühitinə zərər verə bilər.
Qərarın kruiz gəmiçiliyinə təsirinin miqyası hələ məlum deyil. 2025-ci ildə Qrenlandiya və ətraf sularda 232 kruiz səfəri həyata keçirilib və təxminən 94 min sərnişin qeydə alınıb.
Yeni məhdudiyyətlərə məruz qala biləcək gəmilərin Qrenlandiyaya səfərlərini dayandırması və ya skrubber avadanlıqlarını sökməsi mütləq deyil. Onlar tullantı sularının axıdılmasının qarşısını almaq üçün dəniz qazoylu (MGO) kimi aşağı kükürdlü yanacaqlardan istifadə edə bilər.


