Baltik dənizində qəza: Yunanıstan tankeri liman infrastrukturuna zərər vurdu
Rusiyanın Ust-Luqa dəniz limanında qəza baş verib. Xam neft yükləmək üçün manevr edən 16 yaşlı "Tony" adlı "Suezmax" tipli tanker körpü divarına çırpılıb və liman kranını vurub.
Rusiyanın Şimal-Qərb Nəqliyyat Prokurorluğunun yaydığı məlumata görə, qəza Yunanıstanın "Dynacom Tankers" şirkətinə məxsus "Tony" gəmisinin neft məhsulları yükləmək üçün limana daxil olduğu vaxt qeydə alınıb. "Hadisə nəticəsində körpü divarı və liman kranı zədələnib. Xəsarət alan yoxdur və neft sızması baş verməyib, " – deyə prokurorluğun "Telegram" kanalında bildirilib.
İlkin araşdırmada əsas diqqət pilotaj xidmətinə yönəlib. Belə ki müstəntiqlər qəzanın pilotun təhlükəsiz məsafəni qorumaması səbəbindən baş verdiyini ehtimal edirlər.
Rusiya rəsmiləri yoxlama və ziyanın qiymətləndirilməsi aparıldığı müddətdə limanın qismən məhdudiyyətlərlə fəaliyyətini davam etdirdiyini bildiriblər. Tanker hazırda limanda lövbərdə qalmaqdadır.


