Gəmiqayırma sənayesində kadr idarəçiliyi süni intellektə həvalə edilir
Sinqapurun ofşor və dəniz mühəndisliyi nəhəngi “Seatrium”, qlobal kadr əməliyyatlarını (HR) tamamilə yenidən qurmaq üçün süni intellekt əsaslı “Workday” platformasını tətbiq etməyə başlayıb.
“Seanews.az” xəbər verir ki, dünya üzrə 24 mindən çox işçisi olan şirkət, bu innovativ sistem vasitəsilə işçi qüvvəsi haqqında real vaxt rejimində məlumat almağı, məlumatların dəqiqliyini artırmağı və mürəkkəb layihələrdə qərarvermə prosesini sürətləndirməyi hədəfləyir.
Neft platformaları və ofşor qurğuların inşası kimi irimiqyaslı layihələr müxtəlif coğrafiyalarda xüsusi bacarıqlara malik kadrların sürətli səfərbər olunmasını tələb edir. “Seatrium”un kiber İT və OT üzrə icraçı vitse-prezidenti Lim Şih Hsien bildirib ki, sürətlə inkişaf edən sənayedə düzgün istedadı düzgün layihəyə yönləndirmək şirkətin gələcək dayanıqlığı üçün həlledici rol oynayır.
Yeni sistemə daxil edilmiş süni intellekt imkanları sayəsində məzuniyyət müraciətlərinin təsdiqlənməsi və yeni işçilərin qeydiyyatı kimi rutin proseslər artıq avtomatlaşdırılıb. Eyni zamanda, sistem məlumatlardakı uyğunsuzluqları dərhal aşkar edərək rəhbərliyə bildirir.


