Dəniz texnologiyalarına investisiya üçün 150 milyon dollarlıq yeni fond elan edildi
ABŞ-nin Mayami şəhərində yerləşən "Mare Liberum" investisiya şirkəti dəniz texnologiyalarına investisiya qoymaq üçün ikinci fondunun yaradıldığını elan edib. Şirkət ABŞ hökumətindən 150 milyon dollara qədər aşağı faizli və hökumət zəmanətli kredit almağa imkan verən icazə əldə edib.
“Seanews.az” xəbər verir ki, şirkət hazırda institusional investorlardan əlavə kapital cəlb etməklə məşğuldur. Fondun əsasən süni intellekt (AI), avtonom platformalar və dayanıqlı logistika proqramları kimi texnologiyaları hədəf alacağı gözlənilir.
"Süni intellekt, avtonomiya və qabaqcıl istehsalatın birləşməsi artıq dəniz əməliyyatlarını dəyişdirir. Bunu indidən dərk edən təşkilatlar qlobal ticarətin növbəti erasını müəyyən etməyə kömək edəcək", – deyə "Mare Liberum"un baş tərəfdaşı Mark Baliotti bildirib.
Şirkət daha əvvəl avtonom suüstü gəmilərin tərtibatçısı olan "Saronic Technologies" və dəniz sahəsində süni intellektə əsaslanan məlumatlılıq platforması olan "Windward" kimi müəssisələrə investisiya qoyub.


