Yaponiyada 2 gəmi toqquşub, həyatını itirənlər var
Yaponiyanın şimalında, Honşu adası yaxınlığında yük gəmisi ilə balıqçı gəmisinin toqquşması nəticəsində 4 nəfər həlak olub.
“Seanews.az” xəbər verir ki, 2400 tonluq "Suehiro Maru" yük gəmisi 140 tonluq "Kofuku Maru No. 65" balıqçı qayığı ilə toqquşub. Güclü zərbə nəticəsində balıqçı qayığı çevrilərək Misava limanı yaxınlığında sürətlə batıb.
Qayıqda olan 13 heyət üzvündən 9-u xilas edilib. İtkin düşən digər 4 nəfərin isə daha sonra meyitləri tapılıb. Yük gəmisindəki 6 heyət üzvü xəsarət almayıb.
Bu, son aylarda Yaponiyanın şimal sularında baş verən ikinci ağır qəzadır. Fevral ayında oxşar toqquşma nəticəsində 2 nəfər həlak olmuşdu.
Yaponiya Sahil Mühafizəsi hər iki hadisə ilə bağlı geniş araşdırma aparır. Mütəxəssislər bölgədəki dəniz hərəkətliliyinin və görmə məsafəsi ilə bağlı problemlərin təhlükəsizlik üçün ciddi risk yaratdığını vurğulayırlar.


