Liviya sürüklənən Rusiya qaz tankerini xilas etmək üçün beynəlxalq ekspertləri cəlb edib
Liviyanın Milli Neft Korporasiyası Aralıq dənizində nəzarətsiz qalan "Arctic Metagaz" gəmisinin yaratdığı təhlükəni aradan qaldırmaq üçün ixtisaslaşmış beynəlxalq ekspert qrupunu qəza sahəsində işə cəlb edib.
“Seanews.az” xəbər verir ki, Liviya Milli Neft Korporasiyasının törəmə şirkəti olan "Mellitah Oil & Gas" İtaliyanın "Eni" şirkəti ilə əməkdaşlıq çərçivəsində təcili müqavilə imzalayaraq gəminin Liviya limanlarından birinə çəkilməsini planlaşdırır.
Liviya Limanlar və Dəniz Nəqliyyatı İdarəsi dənizdəki neft platformalarını və yedək gəmilərini hazır vəziyyətə gətirib. İtaliya tərəfinin məlumatına görə, gəminin göyərtəsində 450 ton ağır mazut, 250 ton dizel və ən azı iki tankda 60 min kubmetr mayeləşdirilmiş təbii qaz (LNG) qalıb.
Xatırladaq ki, martın 3-də baş verən güclü partlayış və yanğından sonra 277 metrlik nəhəng LNG tankeri iki həftədən çoxdur beynəlxalq sularda sürüklənir. Gəmi heyəti xilas edilərək Liviyaya gətirilsə də, gövdəsindəki böyük deşiklərə baxmayaraq, batmayan gəmi bölgə ölkələri üçün "saatlı bomba" təhlükəsi yaradır. Gəmi bir müddət Malta və İtaliyanın Lampeduza adalarına yaxınlaşsa da, son küləklər və cənub axınları onu yenidən Liviya sahillərinə doğru itələyib. İtaliya rəsmiləri gəminin 4-6 gün ərzində sahilə çatacağını proqnozlaşdırırlar.


