Benqal körfəzində quru yük gəmisi batıb, 22 ekipaj üzvü itkin düşüb
Benqal körfəzində “Ocean Winner” adlı quru yük gəmisinin batması nəticəsində 22 ekipaj üzvü itkin düşüb.
“Seanews.az” xəbər verir ki, 70 min dedveyt ton (DWT) tutumlu, 1998-ci ildə inşa edilmiş gəmi avqustun 20-də Hindistanın Paradip limanından dəmir filizi yükü ilə Sinqapura yola düşüb. Avqustun 21-də saat 16:45-də onun AIS siqnalı Benqal körfəzinin ortasında itib. Təxminən eyni vaxtda gəmidən qəza siqnalı göndərilib.
Gəmidəki 24 ekipaj üzvündən yalnız ikisi xilasedici sal vasitəsilə sağ qala bilib. Onlar şənbə günü başqa bir gəmi tərəfindən xilas ediliblər. Sağ qalanların sözlərinə görə, gəmi cümə günü axşam əvvəlcə yana əyilib və təxminən 8 dəqiqə ərzində batıb.
Hindistan Hərbi Dəniz Qüvvələri və Sahil Mühafizəsi itkin düşənlərin axtarışlarını davam etdirir.
Gəminin batmasının səbəbi hələ müəyyən edilməyib. Lakin gəminin çox qısa müddətdə batması, sürətlə yana əyilməsi və yükünün xüsusiyyəti yükün mayeləşməsi ehtimalını artırır. Nəm dəmir filizi xırdaları gəminin hərəkəti zamanı qəfil bir tərəfə yer dəyişərək dayanıqlığın pozulmasına və gəminin sürətlə çevrilməsinə səbəb ola bilər.


