IMO: 400 gəmi və 6 000 dənizçi Fars körfəzindən hələ də çıxa bilmir
Beynəlxalq Dəniz Təşkilatı (IMO) Fars körfəzində davam edən böhran fonunda dənizçilərin təhlükəsizliyi ilə bağlı yeni xəbərdarlıq edib.
“Seanews.az” xəbər verir ki, təşkilatın baş katibi Arsenio Dominquezin avqustun 28-də yaydığı açıqlamaya görə, münaqişə başlayandan bəri 400-ə qədər gəmi və təxminən 6 000 dənizçi Fars körfəzini təhlükəsiz şəkildə tərk edə bilmir.
IMO-nun məlumatına görə, iyunun 23–26-da həyata keçirilən təxliyə əməliyyatı çərçivəsində təxminən 136 gəmi və 2 900 dənizçi körfəzdən çıxarılıb. Lakin bölgədə yenidən hücumların qeydə alınmasından sonra əməliyyat dayandırılıb. Avqustun 26-na qədər 70 insident və 19 dənizçinin ölümü təsdiqlənib.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Brad Kuper isə ABŞ qüvvələrinin son aylarda təxminən 1 500 kommersiya gəmisinin Hörmüz boğazından keçidinə yardım etdiyini bildirib. O, həmçinin boğazdakı minaların “tamamilə təmizləndiyini” iddia edib.
Bununla belə, Birgə Dəniz Məlumat Mərkəzi (JMIC) gəmiçilik şirkətlərini üzən və ya xəritələrdə göstərilməyən minaların yaratdığı risk barədə xəbərdar edib. Gəmi izləmə məlumatları da gəmilərin boğazdan keçidinin hələ aşağı səviyyədə olduğunu və bir çox operatorun gəmilərini yenidən Fars körfəzinə göndərməkdən çəkindiyini göstərir.
IMO rəhbəri tərəfləri əməkdaşlığa və Hörmüz boğazından azad və təhlükəsiz gəmiçiliyin bərpası üçün praktiki həllər tapmağa çağırıb.


