Aİ qüvvələri Aralıq dənizində altıncı tankeri yoxlama üçün dayandırıb
Avropa İttifaqı (Aİ) qüvvələri avqustun 30-da Rusiyanın neft sənayesinə xidmət edən “kölgə donanması”na aid olduğu və saxta bayraq altında fəaliyyət göstərdiyi ehtimal edilən daha bir tankeri Aralıq dənizində dayandıraraq yoxlayıb.

“Seanews.az” xəbər verir ki, İtaliya Hərbi Dəniz Qüvvələrinə məxsus “ITS Paolo Thaon di Revel” patrul gəmisinin heyəti helikopter və qayıqlardan istifadə etməklə “Sun” adlı tankerə qalxaraq onun bayraq qeydiyyatını yoxlayıb. Avropa Komissiyasının vitse-prezidenti və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, bu, Aİ-nin “EUNAVFOR IRINI” əməliyyatı çərçivəsində ilin əvvəlindən həyata keçirdiyi altıncı belə yoxlamadır.

159 186 dedveyt tonluq, 2005-ci ildə inşa edilmiş tanker hazırda Kamerun bayrağı altında üzür və Türkiyədən idarə olunur. Gəmi daha əvvəl Şərqi Timor və Benin bayraqları altında saxta qeydiyyatdan istifadə etməkdə şübhəli bilinib. Tanker Aİ və Böyük Britaniyanın sanksiyaları altındadır.
“EUNAVFOR IRINI” əməliyyatının mandatı bu ilin martından genişləndirilib və beynəlxalq hüquqa əsasən gəmilərin bayraq qeydiyyatının yoxlanılması üçün onlara minməyə imkan verir. Yoxlama zamanı gəminin sənədləri araşdırılır və müvafiq məlumatlar toplanır.


