Filippin sularında gəmi 46 konteyner itirib
Filippin Sahil Mühafizəsi Batanqas bölgəsində konteyner gəmisinin 46 konteyneri dənizə düşürməsi ilə əlaqədar naviqasiya xəbərdarlığı yayıb.
“Seanews.az” xəbər verir ki, “Span Asia 39” konteyner gəmisi sentyabrın 3-də Hamilo Point yaxınlığında, sahildən təxminən 1,5 dəniz mili məsafədə güclü dalğalanma və fasiləsiz yırğalanma ilə üzləşib. Nəticədə konteynerlərin bərkidilmə sistemləri boşalıb və 30 ədəd 20 futluq, 11 ədəd 40 futluq və 5 açıq tipli konteyner dənizə düşüb. Bildirilir ki, konteynerlərin hamısı boş olub.
.jpg)
Gəmi daha sonra Şimali Manila lövbər dayanacağına daxil olub və burada manevr zamanı daha bir konteynerin dənizə düşdüyü, onun isə batdığı bildirilib.
Sahil Mühafizəsi axtarışlara “CGS Cavite” gəmisini və dron cəlb edib. “BRP Malapascua” çoxməqsədli xilasetmə gəmisi də konteynerlərin axtarışına və onların mümkün sürüklənmə istiqamətinin izlənməsinə qoşulub. Konteynerlərdən ən azı birinin sahilə çıxaraq tapıldığı qeyd olunur.


