IMO-nun “Net Zero” Çərçivəsi üzrə danışıqlarda ciddi irəliləyiş əldə olunmayıb
Beynəlxalq Dəniz Təşkilatının (IMO) İstixana Qazları üzrə Sessiyalararası İşçi Qrupunun (ISWG-GHG) dörd günlük iclası başa çatıb. İclasda iştirak edən nümayəndələrin ümumi qənaəti ondan ibarət olub ki, tərəflərin mövqelərində ciddi dəyişiklik baş verməyib və əsas məsələlər üzrə fikir ayrılıqları qalmaqdadır.
“Seanews.az” xəbər verir ki, müzakirələrin əsas mövzularından biri “Net Zero” Çərçivəsi (NZF) ilə bağlı yaradılması nəzərdə tutulan maliyyə mexanizmi olub. Mütəxəssislər hesab edirlər ki, alternativ yanacaqlara keçidi dəstəkləmək üçün maliyyə fondunun yaradılması vacibdir. Bununla belə, fondun necə maliyyələşdiriləcəyi və idarə olunacağı ilə bağlı fikir ayrılıqları davam edir.
Digər əsas mübahisə istixana qazı emissiyalarına qiymət qoyulması məsələsidir. Bəzi ölkələr yalnız texniki yanaşmanın tətbiqini və emissiyalara qiymət mexanizminin ləğvini müdafiə edir. Digərləri isə emissiyaların azaldılması üçün həm yanacaq standartının, həm də maliyyə mexanizminin tətbiqini dəstəkləyir.
Noyabrın 30-dan dekabrın 3-dək MEPC 85-dən əvvəl daha bir ISWG-GHG iclasının keçirilməsi planlaşdırılır. Ardınca dekabrın 4-də NZF üzrə Fövqəladə Sessiya keçiriləcək. IMO-nun baş katibi Arsenio Dominquez üzv dövlətlərin səsverməyə ehtiyac qalmadan danışıqlar yolu ilə razılığa gələcəyinə əmin olduğunu bildirib. Lakin bəzi ekspertlər bu məsələdə onun nikbinliyini bölüşmür.


