“Maersk”in konteyner gəmisi Yantian limanında kranı aşırıb
“Maersk” şirkətinin istismar etdiyi “Maersk Cincinnati” konteyner gəmisi Çinin Yantian limanında yanalma zamanı sahil kranına çırpılaraq onun aşmasına səbəb olub.
“Seanews.az” xəbər verir ki, hadisə noyabrın 9-da Şençjen terminalının 12-ci körpüsündə baş verib.
Uzunluğu 366 metr, tutumu 15 516 TEU olan gəminin krana çırpılması nəticəsində qurğu konteyner meydançasına doğru aşıb.
İlkin ehtimallara görə, hadisəyə güclü külək təsir etmiş ola bilər. Çin gəmiçilik mənbələri də yanalma manevri zamanı qəfil külək şiddətlənməsinin rol oynaya biləcəyini bildirirlər. Bununla belə, toqquşmanın dəqiq səbəbi hələ müəyyən edilməyib.
2024-cü ildə inşa edilmiş Sinqapur bayraqlı gəmi “Gemini Cooperation” əməkdaşlığı çərçivəsində Asiya–Şimali Avropa marşrutu üzrə fəaliyyət göstərir. Hadisədən sonra gəmi noyabrın 11-də Ningbo və Şanxaya, daha sonra isə Malayziyaya yola düşməli olduğu halda limanda qalıb.
2024-cü ilin sentyabrında da Yantian limanında oxşar hadisə baş vermiş, sahil kranı “MSC Riona” konteyner gəmisinin üzərinə aşmışdı. O zaman terminalda əməliyyatlar müvəqqəti dayandırılmışdı.



