Külək enerjisi ilə hərəkət edən “Neoliner Origin” ilk ilində yanacaq sərfiyyatını 70 faiz azaldıb
Külək enerjisi ilə hərəkət edən “Neoliner Origin” Ro-Ro gəmisi Avropa və Şimali Amerika arasında kommersiya fəaliyyətinin ilk ilini başa vurub. Gəminin sahibi olan Fransanın “Neoline” şirkətinin məlumatına görə, gəmi 2026-cı ildə yanacaq sərfiyyatını 70 faiz azaldıb.
“Seanews.az” xəbər verir ki, 136 metr uzunluğunda olan gəmi 2025-ci ilin oktyabrında istismara verilib. İlkin hədəf yanacaq sərfiyyatını 80 faiz azaltmaq olsa da, yelkən sistemindəki texniki nasazlıqlar bu göstəriciyə çatmağa mane olub. Buna baxmayaraq, gəmi ilk ilində 62 mindən çox dəniz mili məsafə qət edib və doqquz kommersiya reysi həyata keçirib. Bu müddətdə ümumilikdə 12 063 ton yük daşıyıb.
İki “SolidSail” yelkən qurğusu ilə təchiz edilmiş gəmi küləyin hesabına 15 düyündən artıq sürətlə hərəkət edə bilir. Gəmi iyun ayında mühərriki söndürülmüş vəziyyətdə 16,6 düyün sürətə də nail olub.
Şirkət yelkən sistemindəki problemləri aradan qaldırmaq üçün layihənin müəllifi “Chantiers de l’Atlantique” ilə əməkdaşlıq edir. 2027-ci ildə texniki xidmət işlərindən sonra gəminin yanacaq sərfiyyatını standart göstərici ilə müqayisədə ən azı 78 faiz azaltması hədəflənir.
“Neoline” şirkətinin rəhbəri Jan Zanuttini bildirib ki, ilk istismar ili külək enerjisindən istifadənin dəniz nəqliyyatında yanacaq sərfiyyatını və karbon emissiyalarını əhəmiyyətli dərəcədə azaltdığını təsdiqləyib.


