BMT taxıl daşıyan gəmilərin Ukrayna limanlarından keçməsi müqabilində məhdudiyyətləri yumşaltmaq istəyir
“Seanews.az” xəbər verir ki, BMT-nin baş katibi Antonio Quterreş taxıl daşıyan gəmilərin Ukrayna limanlarından keçməsi müqabilində Rusiya və Belarusdan kalium gübrələrinin ixracına qoyulan məhdudiyyətləri yumşaltmağı təklif edir.
BMT-nin məlumatına görə, mayın 1-nə Ukrayna limanlarında ixrac üçün nəzərdə tutulan 4,5 milyon ton taxıl bloklanıb.
“The Wall Street Journal” qəzeti yazır ki, BMT Türkiyə ilə də danışıqlar aparır. Türkiyə hakimiyyəti Ukrayna taxılının tranzitinə köməklik edəcəyinə söz verib. Bununla belə, Rusiya bu məsələ ilə bağlı BMT ilə danışıqlar aparmağa tələsmir.
Mayın 11-də keçirdiyi brifinqdə Antonio Quterreş bildirib ki, qlobal ərzaq böhranı təhlükəsi səbəbindən “Ukraynadan taxılın, Rusiyada isə qida və gübrənin dünya bazarlarına qayıtması üçün yol tapmaq lazımdır. "