Gəmilər təkcə sahibini deyil, adlarını da dəyişib
Bu yaxınlarda “Sovcomflot” tərəfindən satışa çıxarılan 4 maye qaz tankeri israilli milyarder İdan Oferə məxsus “Eastern Pacific Shipping” şirkəti tərəfindən alınıb.
“Seanews.az” xəbər verir ki, gəmilər təkcə sahibini deyil, adlarını da dəyişib. “Melampus” qaz daşıyıcısı indi “Kool Baltic”, “Mitre” – “Kool Boreas”, “SKF Barents” – “Kool Firn”, “SKF Timmerman” tankeri isə “Kool Orca” adlanır.
Onlardan üçü Sinqapur sahillərində lövbər salıb, “Kool Baltic” tankeri isə Avstraliyaya üz tutub. Tankerlərin satışı “Lloyd's List” tərəfindən təsdiqlənib. Onun sözlərinə görə, 4 tanker üçün 700 milyon dollardan bir qədər çox pul ödənilib. Qeyd edək ki, “Sovcomflot” daha əvvəl Qərbin sanksiyaları səbəbindən artan xərcləri azaltmaq üçün donanmasını üçdə bir azaltdığını və satışını elan etmişdi.
Ofer “Eastern Pacific Shipping” şirkətinin təsisçisi və “Quantum Pacific Group” holdinqinin rəhbəridir. Onun atası rumıniyalı Sammi Ofer İsrail gəmiçilik maqnatı idi.


