Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-21,
Seanews
Heyder Eliyev

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarından hasil edilən neft və qazın həcmi açıqlanıb

Cari ilin yanvar-iyun ayları ərzində ölkədə təxminən 14,4 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən bildirilib ki, respublika üzrə neft hasilatının 8,2 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin (AÇG), 2,1 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,3 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,8 milyon ton təşkil edib.

Hesabat dövründə təxminən 11,9 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub. Bunun 10,3 milyon tonu konsorsiumun, 1,6 milyon tonu isə SOCAR-ın payına düşür.

Bu ilin altı ayında ölkədə neftin emalı 3,23 faiz artaraq 3,2 milyon ton təşkil edib. 2024-cü ilin iyun ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 80 585 ton olub. Bunun 65 597 tonunu xam neft, 14 988 tonunu kondensat təşkil edib.

Altı ay ərzində ölkədə 25,1 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 6,5 milyard kubmetri AÇG-dən, 14 milyard kubmetri “Şahdəniz”dən, 0,8 milyard kubmetri “Abşeron”dan, 3,8 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən qaz hasilatında təqribən 1 milyard kubmetr, yəni 4,3 faiz artım qeydə alınıb.

Hesabat dövründə xaricə qaz satışı təxminən 12,7 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 6 faiz çoxdur. Cari ilin yanvar-iyun aylarında Türkiyəyə təqribən 5 milyard kubmetr, Avropaya təqribən 6,4 milyard kubmetr, Gürcüstana isə 1,3 milyard kubmetr qaz satılıb. Qeyd edək ki, Türkiyəyə TANAP-la bu müddətdə 2,8 milyard kubmetr qaz nəql olunub.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən iyulun 1-dək 639,6 milyon tona yaxın neft (kondensatla birlikdə), 445,9 milyard kubmetr qaz hasil edilib. AÇG-dən 593 milyon ton neft, 222,9 milyard kubmetr qaz hasil olunub. “Şahdəniz”dən isə təqribən 223 milyard kubmetr qaz, 46,6 milyon tona yaxın kondensat hasil edilib. Bu yataqlardan indiyə kimi təqribən 637,6 milyon ton neft (kondensatla birlikdə), 158,8 milyard kubmetrə yaxın qaz ixrac olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır